17 iyul 2025 10:44
192

YAP Kürdəmir rayon təşkilatının yaradılmasının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü ilə əlaqədar 17 iyul 2025 –ci il tarixində “Atakişili kənd 3” ərazi partiya təşkilatında tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir  rayon təşkilatının sədr müavini Elxan Qafarov iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib. Elxan Qafarov məruzə edərək  bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. O zaman ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edirdi. Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciətinin adında özünün aydın ifadəsini tapır. Təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Dövlət başçımızın həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Ümummilli Lider Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır.  Bu gün Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının təsis edilməsindən 32 il ötür. Bu illər ərzində YAP Kürdəmir rayon təşkilatı da öz növbəsində uğurlu fəaliyyəti ilə daim diqqət mərkəzindədir.   Hazırda YAP Kürdəmir rayon təşkilatında 50  ərazi partiya təşkilatı üzrə 10091 nəfər  üzv  birləşmişdir.

Tədbirdə  çıxış edən  “Atakişili kənd 3”   ərazi partiya təşkilatının sədri Elşən Cəbrayılov,  Dövlər Aqrar İnkişaf  Mərkəzində bitki mühafizə mərkəzinin aqronomu  Piralı Quliyev, Bitkiçilik sektor müdiri Qorxmaz Şükürov  bildiriblər ki, Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm illərə  nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir. Hazırda 744 mindən çox üzvü olan YAP sıralarının gündən-günə artması, sosial bazasının daha da möhkəmlənməsi Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsidir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yüksək zirvələri fəth edir, xalqımız tarixi Zəfərlər əldə edir. Sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.