18 avqust 2017 14:36
2412

Azərbaycan şahmatçıları dünyada tanınır

Müsahibimiz Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur

- Faiq müəllim, ölkəmizdə bir çox idman növləri kimi, şahmata da maraq artmaqdadır. Ölkədə keçirilən Beynəlxalq Şahmat Olimpiadası da bunun bir sübutudur.

-Bilirsiniz ki, 2015-ci ildə Bakıda Şahmat üzrə Dünya Kuboku və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu da Azərbaycanın həqiqətən də idman ölkəsi olmasının göstəricisidir. Bütün bunlardan əlavə şahmatçılarımız dünyanın hansı yerində çıxış edirlərsə, onlara güclü şahmatçı kimi yanaşırlar və böyük məmnuniyyətlə bizim şahmatçıları turnirlərə, superturnirlərə dəvət edirlər. Bunları nəzərə alaraq, Beynəlxalq Şahmat Federasiyası Azərbaycanda Şahmat üzrə Dünya Kuboku və  Ümumdünya Şahmat Olimpiadası kimi tədbirlərin keçirilməsini istəyirdi. Beləliklə, 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirildi. 2012-ci ildə növbəti Şahmat Olimpiadasının Bakıda keçiriləcəyi məlum olduqdan sonra artıq hazırlıqlara o zamandan başlanıldı. Ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən məsələ ilə bağlı Sərəncam imzalanmış, Təşkilat Komitəsi yaradılmışdı. Təşkilat Komitəsinə Baş nazirin birinci müavini Yaqub Eyyubov başçılıq edirdi. Beləliklə, bu Olimpiadanın tarixdə layiqli yerlərdən birini tutması üçün çox böyük işlər görüldü.

Mən bir hakim kimi Olimpiadaların əksəriyyətində iştirak etmişəm. Qeyd etmək istəyirəm ki, yarışda iştirak edən 175 ölkənin şahmatçıları, federasiyalarının rəhbərləri, nümayəndələri tarixdə belə səviyyədə ümumdünya Şahmat Olimpiadası keçirilmədiyini vurğulayırdılar. "Baku Chrystall Hall"da baş tutan Olimpiadada həm qadın, həm də kişi şahmatçılar iştirak edirdilər. Azərbaycanda bu Olimpiadadan öncə müxtəlif miqyaslı turnirlər və Şahmat üzrə Dünya Kuboku da keçirilmişdi. Ölkəmizdə artıq 10 ildir "Baku Open", "Naxçıvan Open" və eyni zamanda artıq 4 ildir ki, Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir keçirilir. Superturnirdə dünyanın ən güclü şahmatçıları iştirak edirlər.

- Azərbaycan şahmat məktəbinin zəngin ənənələrinin davam etdirilməsi üçün yaradılan məktəblərdəki mövcud şərait qənaətbəxşdirmi?

-Şahmat məktəblərinin bünövrəsi 1970-ci illərin sonunda ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderin təşəbbüsü, göstərişi ilə gözəl şahmat məktəbləri yaradıldı. Son illərdə isə ölkəmizin başçısı İlham Əliyev şahmat məktəblərinə yeni bir stimul verdi. Məktəblər şərait, təchizat baxımından daha müasir standartlara uyğunlaşdırılıb. Bunun nəticəsi olaraq, gənc şahmatçılarımız müstəqillik illərində elə bir Avropa, dünya çempionatı olmayıb ki, oradan ölkəmizə medalsız qayıtsınlar.

- Ölkəmizi beynəlxalq yarışlarda təmsil edən güclü şahmatçılarımız var. Onların davamçılarının hazırlanması istiqamətində hansı işlər görülür?

-Tanınan şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov eyni zamanda, bizim milli komandamız iki dəfə dünya çempionatında bürünc, gümüş medallar qazanıblar. Ümumiyyətlə, bizim güclü şahmat komandalarımız var. Qadınlardan ibarət komandamız da dünyanın 175 ölkəsinin iştirak etdiyi yarışda 8-ci yeri qazanaraq ilk onluğa daxil olmağı bacarıb. Təbii ki, bu sadaladığım şahmatçıların davamçıları olan 8, 10, 12, 14 yaşlı yeniyetmə şahmatçılarımız var. Hazırda güclü şahmatçılarımızın davamçıları olaraq istedadlı şahmatçılar yetişdirilir. Onlardan Əhməd Əhmədzadə, Aydın Süleymanlı, Nail Bəşirli, Vüqar Əsədlini misal göstərə bilərəm.

- Faiq müəllim, orta məktəblərdə şahmatın tədrisi nəzərdə tutulurmu?

-Ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən  Azərbaycanda "Şahmatın inkişafı ilə bağlı 2009-2014-cü illərdə Dövlət Proqramı" qəbul olundu. Həmin Proqramda Azərbaycanın orta məktəblərində şahmatın tədris olunması nəzərdə tutulur. Buna əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən proqram hazırlandı. Hazırda ayrı-ayrı pilot şahmat dərsləri həyata keçirilir. Mən Naxçıvan Muxtar Respublikasını nümunə göstərə bilərəm. Ona görə ki, orada 247 məktəbdə birinci sinifdən on birinci sinfə qədər şahmat dərsləri tədris olunur. Bu təqdirəlayiq bir haldır. Çünki azyaşlı uşaqları şahmata cəlb etmək gələcəyin güclü şahmatçılarını yetişdirmək deməkdir.

- Gələcəyinə ümid bəslədiyiniz yeniyetmələr varmı?

- Bəli, var. Çoxlarının adını sadalaya bilərəm. 8-10 yaşlı gənc şahmatçılarımız var ki, beynəlxalq turnirlərdə gözəl oyunlar nümayiş etdirirlər. Sentyabr ayında Avropa çempionatı keçiriləcək və orada Azərbaycan şahmatçılarının uğurları ilə tanış ola biləcəksiniz. İyulun 14-də Astarada Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 450 gənc şahmatçının iştirak etdiyi yarış keçirildi. Belə yarışların ölkəmizdə tez-tez keçirilməsi gənc nəslin şahmata marağının artmasına, şahmatın daha da inkişaf etməsinə şərait yaradır. Məhz belə yarışlardan bu gün dünyada şöhrət qazanmış Teymur, Şəhriyar, Eltac, Vüqar kimi şahmatçılarımız çıxıblar.

Röya Şahbazi, 
Şəfiqə Dadaşova, “İki sahil"