12 iyul 2025 18:48
206

Milli Mətbuatın 150 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə iyulun 12-də Bakıda Four Seasons otelində təntənəli tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin aparicisi taninmiş telejurnalist Aytən Səfərova olub.Tədbir Millət Vəkili Səbinə Salmanovanın təşəbbüsü ilə Magen David Azərbaycan – İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil olunub. Tədbirdə millət vəkilləri, media rəhbərləri, saytların baş redaktorları, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə elan olunub

Milli Məclisin deputatı, Azərbaycan–İsrail Parlamentlərarası işçi qrupunun rəhbəri, Magen David Azərbaycan Cəmiyyətinin fəxri sədri Anatoliy Rafailov çıxışında dövlətin mətbuatın inkişafına hər zaman xüsusi diqqət yetirdiyini bildirib. O qeyd edib ki, müasir Azərbaycan mediası operativliyi, dəqiqliyi və qərəzsizliyi ilə seçilir, dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynayır. Rafailov media nümayəndələrinin peşəkarlığını, xüsusilə Vətən müharibəsi və pandemiya dövründə cəmiyyətin düzgün məlumatlandırılmasındakı əvəzsiz xidmətlərini yüksək qiymətləndirib.

Magen David Azərbaycan Cəmiyyətinin və Ümum İsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov çıxışında bildirib ki, “Əkinçi” ilə əsası qoyulan maarifçilik ideyaları bu gün də yaşayır. O vurğulayıb ki, müasir Azərbaycan mediası informasiya müharibəsində həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır və media nümayəndələrinin qərəzsiz, operativ fəaliyyəti ilə daim seçildiyini qeyd edib.

Milli Məclisin deputatı Səbinə Salmanova çıxışında mətbuatın cəmiyyətin maarifləndirilməsi və ictimai rəyin formalaşdırılmasındakı rolunu xüsusi qeyd edib. O bildirib ki, jurnalistlər bu gün də milli maraqların qorunmasında ön sıradadır və onların peşəkarlığı dövlət tərəfindən daim yüksək qiymətləndirilir. Salmanova həmçinin vurğulayıb ki, Vətən müharibəsi və pandemiya dövründə medianın operativliyi, vətəndaşlara düzgün və vaxtında məlumat ötürməsi dövlətin və cəmiyyətin informasiya təminatında həlledici rol oynayıb.
Çıxışlarda ümumilikdə bildirilib ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində media üçün əlverişli mühit yaradılıb, peşəkar jurnalist ordusu formalaşıb və milli mətbuatımız həm dövlətin, həm də cəmiyyətin inkişafında əvəzsiz rol oynayır.
Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün maraqlı bədii proqram təqdim olunub.