12 iyul 2025 16:39
174

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub - YENİLƏNİB

İyulun 12-də Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti keçirilib.

“İki sahil” xəbər verir ki, "Şahdağ" Turizm Mərkəzində keçirilən sammitdə Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəsmiləri, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə və Qırğız respublikalarının dağ kurortlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsinin əsas məqsədi İttifaq çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları arasında ortaq mədəni, tarixi və coğrafi əlaqələri bölüşmək, dağ və qış turizminin qarşılıqlı inkişafını stimullaşdırmaq, qış və yay turizmində davamlı iqtisadi inkişafa nail olmaq, o cümlədən birgə əməkdaşlıq əlaqələri qurmaq, İttifaqa daxil olan dağ kurortlarının tanıdılmasına dəstək olmaqdır. Bununla yanaşı, türkdilli dövlətlər arasında xizək turizminin inkişafına töhfə vermək, təcrübə mübadiləsi aparmaq, bu sahədə türk dövlətlərinin cəlbediciliyini və rəqabət qabiliyyətini artırmaqdır.

Sammitdə çıxış edən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov birliyin türkdilli ölkələr arasında dağ və xizək turizmi üzrə çoxtərəfli əməkdaşlıq platforması rolunu oynadığını bildirib. O, üzv dövlətlərin zəngin dağ relyefi və əlverişli iqlim şəraitinə sahib olmasının bu sahədə müxtəlif turizm növlərinin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb. İttifaqın sədri sammit çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin gələcəkdə ortaq turizm layihələrinin formalaşdırılmasına və beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılmasına təkan verəcəyini qeyd edib.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Azimov çıxışında İttifaqın yaradılmasının türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin təşviqi baxımından mühüm hadisə olduğunu bildirib. Baş katib İttifaqa üzv ölkələrin turizm kurortlarının birgə layihələr, qarşılıqlı tanıtım kampaniyaları və vahid turizm brendi vasitəsilə gələcəkdə qlobal turizm bazarında daha da güclənəcəyini və tanınacağını vurğulayıb. Mirvohid Azimov Türk Dövlətləri Təşkilatının bu təşəbbüsləri gələcəkdə də dəstəkləyəcəyini, platformanın daha da genişlənəcəyinə və potensialının artacağına əminliyini bildirib.

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə çıxışında dağ-xizək turizminin mühüm iqtisadi və sosial potensialının olması baxımından Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının yaradılmasını və bu çərçivədə həyata keçirilən birgə fəaliyyətlərin vacibliyini diqqətə çatdırıb. O, İttifaq ölkələri arasında əlaqələrin sistemli şəkildə gücləndirilməsinin qarşılıqlı turist axınının artmasına, turizm sahəsində əməkdaşlığın genişlənməsinə və regionda dayanıqlı turizmin inkişafına, o cümlədən mədəni bağların möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirib.

Sammit çərçivəsində İttifaq ölkələrində dağ və qış turizminin inkişafı, mövsümiliyin aradan qaldırılması, qış idman növlərinin təbliği, turizmdə təhsilin keyfiyyətinin artırılması və yeni kadrların hazırlanması mövzularına həsr olunan panel müzakirələr və müxtəlif təqdimatlar keçirilib.

Tədbir çərçivəsində yeni üzv seçilən kurortlara üzvlük sertifikatları təqdim olunacaq, həmçinin Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının Xizəkçi Jurnalistlər Klubunun yaradılmasına dair anlaşma memorandumu imzalanacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ötən ilin sentyabr ayında yaradılıb. İttifaqa Azərbaycanın “Şahdağ” Turizm Mərkəzi, Özbəkistanın Amirsoy, Qazaxıstanın Şimbulak və Türkiyənin Uludağ Dağ Kurortları daxildir.

***

İyulun 12-də Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti işə başlayıb.

“İki sahil” xəbər verir ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə keçirilən sammitdə TDT-nin və Dövlət Turizm Agentliyinin rəsmiləri, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə və Qırğızıstan respublikalarının dağ kurortlarının rəhbərləri və nümayəndələri iştirak edirlər.

Sammit çərçivəsində İttifaq ölkələrində dağ və qış turizminin inkişafına dair müxtəlif mövzulara həsr olunan panel müzakirələr və təqdimatlar təşkil olunacaq.

Tədbirin ikinci günü Türkdilli dövlətlərdən, o cümlədən bir sıra Avropa ölkələrindən qatılan 600-ə yaxın həvəskar atletin iştirakı ilə müxtəlif məsafələr üzrə Qaçış Festivalı (Runnig Fest) keçiriləcək.