12 iyul 2025 02:19
108

Avropadan Yaxın Şərqə uzanan enerji strategiyası

XXI əsrdə enerji təhlükəsizliyi yalnız bir iqtisadi məsələ deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyan qlobal çağırışdır. Bu kontekstdə Azərbaycanın Avropa qitəsi üçün etibarlı tərəfdaş və mühüm enerji təchizatçısı kimi çıxış etməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib. Enerji sektorunda atılan strateji addımlar nəticəsində Azərbaycan təkcə regional deyil, həm də qlobal enerji xəritəsində mühüm mövqeyə sahib olub. Bu gün Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyinin qorunmasında həlledici rol oynayır.

Azərbaycanın Avropaya enerji ixracında əsas dayaqlarından biri Cənub Qaz Dəhlizi layihəsidir. Cənub Qaz Dəhlizi yalnız texniki və iqtisadi layihə deyil, eyni zamanda, siyasi əhəmiyyət daşıyan bir təşəbbüsdür. Bu layihə Avropanın Rusiya qazından asılılığını azaltmağa xidmət etməklə yanaşı, enerji mənbələrinin şaxələndirilməsi strategiyasına mühüm töhfə verir. Məhz bu səbəbdən Avropa İttifaqı Cənub Qaz Dəhlizini “prioritet enerji layihəsi” kimi qəbul edir və siyasi səviyyədə dəstəkləyir. Prezident İlham Əliyev bu il iyunun 2-də 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında bildirib ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir: “Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir”.

Avropanın enerji təhlükəsizliyi məsələsində əsas prinsiplərdən biri mənbə və marşrutların şaxələndirilməsidir. Azərbaycan bu prosesdə həm təbii qaz, həm də neft üzrə alternativ təchizat mənbəyi kimi çıxış edir. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri mühüm əhəmiyyətə malikdir. Bu kəmər sayəsində Xəzər nefti Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarılır. Eyni zamanda, Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərləri də alternativ marşrutlar kimi fəaliyyət göstərir. Azərbaycanın enerji siyasəti yalnız ixraca əsaslanmır, ölkə həm də yeni enerji bazarlarının yaradılması, alternativ enerjilərə keçid və regional əməkdaşlığın inkişafı istiqamətində ardıcıl siyasət yürüdür. Bu strategiya Azərbaycanın Avropa ilə enerji əməkdaşlığını daha da dərinləşdirir. Son illər Avropada enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Geosiyasi gərginliklər, təbii qaz təchizatında yaranan fasilələr və enerji qiymətlərinin kəskin dəyişməsi Avropa ölkələrini yeni enerji tərəfdaşları axtarmağa məcbur edib. Bu məqamda Azərbaycanın sabit və etibarlı tərəfdaş kimi önə çıxması təsadüfi deyil. Azərbaycan qazı artıq İtaliya, Yunanıstan, Bolqarıstan və digər Balkan ölkələri tərəfindən qəbul olunur. Hətta Macarıstan və Serbiya kimi yeni bazarlar da Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Avropa liderlərinin Azərbaycana rəsmi səfərləri, enerji sahəsində imzalanan razılaşmalar və strateji sənədlər göstərir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi strategiyasında mərkəzi aktorlardan birinə çevrilib.

Avropanın mühüm enerji təminatçılarından biri kimi çıxış edən Bakı yeni dönəmdə özünün enerji təchitazı arealını genişləndirmə perspektivinə malikdir. Buna ən yaxşı nümunə kimi Azərbaycanın Suriyaya təbii qaz tədarükü məsələlərində dəstək verməyə hazır olduğunu bəyan etməsini göstərmək olar. Bununla bağlı məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə ECO toplantısında iştirak edib Vətənə dönərkən açıqlayıb: “İyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə o, təbii qaz məsələsində Suriyaya istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. İlham Əliyevin belə yanaşması böyük əhəmiyyət kəsb edir. Axı bu gün Suriyanın ən ciddi problemi qazın olmamasıdır və ölkəni enerji ilə təmin etmək lazımdır”.

Azərbaycanın Yaxın Şərqdə enerji təminatında rolu son illərdə əhəmiyyətli dərəcədə yüksəlməkdədir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanın bu regionun qaz təchizatındakı iştirakı yenilik deyil, həm də artıq mövcud regional enerji əməkdaşlığının bir parçası kimi qiymətləndirilir. Məsələn, İsrail, İordaniya, Misir və digər ölkələrlə formalaşan enerji əməkdaşlığı əlaqələri göstərir ki, Azərbaycan Yaxın Şərq üçün etibarlı və perspektivli enerji tərəfdaşı kimi qəbul olunur. Bu əməkdaşlıq gələcəkdə daha da genişlənə, həm təbii qaz, həm də bərpaolunan enerji və enerji texnologiyaları sahəsində yeni imkanlar aça bilər.

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi isə bu yanaşmanın daha da zənginləşdirilməsini təmin edir. Hal-hazırda bu əməkdaşlıq əsasən bərpaolunan enerji sektoruna yönəlib. Bu, Azərbaycanın enerji sektorunun diversifikasiyası və "yaşıl enerji" strategiyasına uyğunluğu baxımından mühüm addımdır. Eyni zamanda, bu əməkdaşlıq perspektivdə enerji texnologiyalarının tətbiqinə, infrastrukturun modernləşdirilməsinə və yeni investisiya layihələrinin həyata keçirilməsinə yol açmaq potensialına malikdir. Beləliklə, Azərbaycan Yaxın Şərqdə enerji təhlükəsizliyi üçün strateji önəm kəsb edən tərəfdaş kimi öz mövqeyini gücləndirir.

Trans-Anadolu Boru Kəməri (TANAP) bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Türkiyə isə İraq, Suriya, Livan və İordaniya ilə enerji əlaqələri quraraq regional qaz tədarükündə kritik rol oynayır. Bu əlaqələr vasitəsilə Azərbaycanın qazı, əslində, dolayısı ilə Yaxın Şərq bazarlarına çıxış imkanı əldə edir. Regional interkonnektor şəbəkələrinin genişlənməsi ilə bu potensial daha da artacaq, Azərbaycanın qazı yalnız Avropaya deyil, eyni zamanda, Yaxın Şərq bazarlarına da fasiləsiz tədarük edilə biləcək.

Göründüyü kimi, Azərbaycan XXI əsrin enerji çağırışlarına çevik, düşünülmüş və strateji yanaşma ilə cavab verir. Ölkənin həm Avropa, həm də Yaxın Şərq istiqamətində həyata keçirdiyi enerji diplomatiyası Azərbaycanın regional liderlik mövqeyini qlobal miqyasda gücləndirir. İstər Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracı, istərsə də TANAP üzərindən Yaxın Şərq bazarlarına çıxış imkanı ölkəmizin enerji təminatında artan rolunu nümayiş etdirir. Alternativ və bərpaolunan enerjiyə keçid, strateji tərəfdaşlarla genişlənən əməkdaşlıq isə Azərbaycanın enerji siyasətini təkcə bu gün üçün deyil, həm də gələcək üçün dayanıqlı və etibarlı edir. Nəticə etibarilə Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də enerji sabitliyini təmin edən qlobal aktora çevrilməkdədir.

Nigar Orucova, “İki sahil”