10 iyul 2025 15:08
140

Azərbaycanın hava nəqliyyatında rekord göstəricilər, tranzit üstünlüyü və sabit inkişaf

2025-ci ilin ilk yarısı Azərbaycanın hava nəqliyyatı sektoru üçün təkcə statistik yox, həm də strateji baxımdan əhəmiyyətli bir dövr olub.

“İki sahil” xəbər verir ki,  Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, uçuşların intensivləşməsi, tranzit yüklənməsinin artması və sərnişindaşımada müşahidə olunan sabit yüksəliş ölkəmizin beynəlxalq aviasiya sistemindəki mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Azərbaycanın hava məkanı: tranzit üçün prioritet marşrut

2025-ci ilin yanvar–iyun aylarında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi tərəfindən Azərbaycanın hava məkanında, ümumilikdə, 162 min 500-dən çox aviareysə xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizlik artım deməkdir. 2024-cü ilin ilk yarısında bu göstərici 135 min 500 təşkil etmişdi.

Bu aviareyslərin 77 faizi, yəni 125 min 600 reys tranzit uçuşlar olub. Tranzit axınında 28 faizlik artım Azərbaycanın hava məkanının Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli hava dəhlizi statusunu daha da möhkəmləndirib.

Azərbaycan üzərindən ən çox uçuş həyata keçirən aparıcı beynəlxalq aviaşirkətlər arasında "Turkish Airlines", "Singapore Airlines", "Thai Airways", "Cathay Pacific" və "Air India" ön sıralarda yer alıb.

İyunda isə tarixi rekord qeydə alınıb: bir ayda 29 min 300 uçuş. İyunun 28-də isə bir gündə 1057 uçuşa xidmət göstərilib. Bu, Azərbaycanın aviasiya tarixində ən yüksək günlük göstəricidir.

Heydər Əliyev Beynəlxalq Aeroportu: sərnişin dövriyyəsində sabit artım

Azərbaycanın əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən 2025-ci ilin ilk 6 ayında 3 milyon 452 min sərnişinə xidmət göstərilib. Bu, ötən ilin müvafiq dövründə qeydə alınan 3 milyon 388 min sərnişin göstəricisi ilə müqayisədə 2 faizlik artımı əks etdirir.

Bu müddət ərzində 39 aviaşirkət (onlardan 16-sı loukoster) tərəfindən, ümumilikdə, 27 min 91 uçuş həyata keçirilib. Beynəlxalq sərnişinlərin sayı 3 milyon 114 min nəfərə çatıb və bu axının 51 faizi xarici aviadaşıyıcıların payına düşüb. Bakı hava limanından 34 ölkə və 69 şəhərə birbaşa uçuşlar icra olunub.

Tranzit sərnişin axınında da güclü dinamika müşahidə olunub: bu göstərici 17 faiz artaraq 196 min 498 nəfərə yüksəlib. Ən çox səyahət edilən beynəlxalq istiqamətlər sırasına İstanbul, Moskva, Tbilisi, Dubay və Əbu Dabi daxildir.

AZAL: beynəlxalq inkişaf və daxili optimallaşdırma

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” (AZAL) 2025-ci ilin ilk yarısında 1 milyon 857 min sərnişin daşıyaraq, 2024-cü ilin eyni dövründə qeydə alınan 1 milyon 811 min sərnişinlə müqayisədə 3 faizlik artıma nail olub. Bu sərnişinlərin 1 milyon 514 mini beynəlxalq reyslərin payına düşür ki, bu da ötən illə müqayisədə 4 faizlik artım deməkdir.

Daxili istiqamətlərdə, xüsusilə Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 1 713 reys yerinə yetirilib və 339 mindən çox sərnişin daşınıb. Sərnişin sayında 2 faiz azalma müşahidə olunsa da, reyslərin sayındakı 6 faizlik artım bu marşrutun çevik və tələbə uyğun planlaşdırıldığını göstərir.

Beləliklə, 2025-ci ilin ilk yarısında əldə olunan nəticələr Azərbaycanın hava nəqliyyatı sektorunun dayanıqlığını, çevikliyini və beynəlxalq inteqrasiya potensialını bir daha nümayiş etdirib. Qarşıdakı dövrdə bu dinamika rəqəmsallaşma, logistik transformasiya və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi baxımından mühüm strateji imkanlar açır.