Vətən sevgisinə tapınan Murad Bədirov müstəqil həyata qədəm qoyanda birinci arzusu düşmənə əsir düşən Qarabağımızın azadlığı olub. Elə bu müqəddəs yolda son nəfəsinə qədər yağıya qarşı döyüşüb, 19 yaşında əbədiyyət adlı dünyasına qovuşub. Beləcə Cəlilabad rayonunun Kazımabad kəndində dünyaya göz açan ürəyi sevdalı igidimiz az yaşasa da, qaldı ki, layiqli bir övlad kimi hər qarışını özünə əziz bildiyi doğma Azərbaycana olan oğulluq borcunu şərəflə verməyi bacardı. Xalq adı qəhrəmanlıq tariximizə yazılan şəhid Muradı indi qəlbində yaşatmaqla onunla qürur duyur. Həmçinin ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda” medalı yaxınlarına bir təsəllidir.
Qısa ömür yolunda Vətənə, onun daşına, torpağına ilahi bir sevgi yaşayan Murad Qismət oğlu Bədirov əsgərliyə cəbhə bölgəsində başlayıb. İlk gündən mərdliyi, cəsurluğu ona xidmət etdiyi hərbi hissədə hörmət qazandırıb. Hər əməlində xalqına yararlı övlad olduğu bilinib. Verilən tapşırıqları vaxtında, düzgün yerinə yetirilməsi ilə tanınıb. Bir qayda olaraq qatıldığı hərbi təlimlərdə uğur qazanıb. Arzuladığı düşməndən qisas alacağı günə mükəmməl hazırlaşıb. Bir sözlə, Murad Vətəni göz-bəbəyi kimi qoruyub, əsir Qarabağımızın azadlığı uğrunda bir başa səngərə- erməni dığalarına qarşı döyüşə can atıb.
Murad Bədirov iyul ayında hərbi xidmətini başa vurub evə qayıdıb. Sentyabr ayında ürəyi Vətən, torpaq sevgisi ilə döyünən gənc müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmətini davam edib. Elə həmin ayda 44 günlük haqq savaşımız başlanıb. Murad kiçik çavuş rütbəsində odlu-alovlu səngərdə öz yerini alıb.
Qəhrəman Vətən sevdalısı müharibənin ən qaynar nöqtələrində yağıya qarşı döyüşüb. Suqovuşanın azadlığı uğrunda gedən gərgin vuruşda özünə məxsus rəşadət nümunəsi göstərib. Ardıclıq olaraq hər dəfə girdiyi ölüm-dirim savaşında çoxlu sayda düşmən yaraqlısını məhv edib.
Murad sonuncu dəfə oktyabrın 8-də evlə əlaqə saxlayıb . Dediyi bu olub ki, hər şey yaxşıdır, məndən arxayın olun. Tezliklə müharibə bizim qələbəmizlə başa çatar. Ondan sonra onunla bütün əlaqələr kəsilib, 18 oktyabrda isə Ağdam istiqamətində şəhadətə qovuşduğu ailəsinə bildirilib . Oktyabrın 19-da şərəfli ad qazanan zəfər şəhidi Murad Bədirov doğma kənddə böyük izdihamla yolunda can qoyduğu torpağa tapşırılıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü