09 iyul 2025 00:26
154

Tovuz döyüşləri: Tarixi Zəfərə aparan yolun əsas mərhələsi

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində xüsusi yer tutan həmin döyüşlərin başlamasından beş il ötür

Əsrlərdən bəri Azərbaycan xalqına qarşı qanlı qətllər törədən erməni caniləri Azərbaycanın torpaqları hesabına yerlərini genişləndirməyə nail olublar. Bununla kifayətlənməyərək məskunlaşdıqları Qarabağ və ətraf rayonlara da silahlı hücum edib, yerli əhaliyə qarşı cinayət əməlləri törədiblər. Xocalıda körpə uşaqları belə qətlə yetirərək, soyqırım törətməkdən də çəkinməyiblər. Ermənilər öz çirkin əməllərindən əl çəkməyərək, “Böyük Ermənistan” xülyası ilə havadarlarının köməyinə arxalanaraq, Azərbaycanın digər ərazilərində də durmadan təxribatlar törədiblər. Mənfur qonşular tərəfindən atəşkəs rejimi müntəzəm olaraq pozulur, zaman-zaman bu pozuntular silahlı toqquşmalara səbəb olurdu. 2020-ci ilin iyulun 12-də isə bu toqquşmalar Tovuz rayonu istiqamətində genişmiqyaslı döyüşlərə çevrildi. Qarabağa qətiyyən aidiyyəti olmayan Tovuz rayonunun Ağdam, Vahidli, Dondar Quşçu, Yuxarı öysüzlü, Aşağı öysüzlü və Əlibəyli kəndlərini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutdular. Kənd sakinlərindən ölən və yaralananlar oldu. Düşmənə qarşı cavab tədbiri görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verildi.

Görülən tədbirlər nəticəsində hücumun qarşısı alındı. Düşmənin dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları, yüzlərlə canlı qüvvəsi məhv edildi. Beş gün davam edən döyüş  - iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və başqaları qəhrəmancasına döyüşərək şəhid oldular. Bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu torpaqlarımıza qəflətən, gözlənilməz hücümunun qarşısını qətiyyətlə almağa qadirdir. Belə ki, cəmi beş gün ərzində ermənilərin mövqeləri darmadağın edildi. Azərbaycan ərazisindən bir qarış belə torpaq almağa nail olmayan erməni quldurları əks-hücuma tab gətirməyərək, yüzlərlə canlı itki verərək silahlarını atıb geri qaçmağa məcbur oldular. Özlərinin yaratdığı və eyni zamanda elə özlərinin də inandığı “Yenilməz erməni ordusu” barədə mif darmadağın oldu. General Polad Həşimova və polkovnik İlqar Mirzəyevə ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: “Mən göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır. Onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxartmasınlar. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs olub”.

Tovuz döyüşlərindən sonra demək olar ki, milyonlarla insan könüllü sürətdə cəbhəyə getmək üçün çalışırdı. Gənclər, keçmiş döyüşçülər, vətənpərvərlik hissi ilə köklənən yeniyetmələr axın-axın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə üz tutaraq könüllü olaraq Vətən torpağının müdafiəsinə qalxmaq arzularını ifadə etdilər. Prezident, Ali Baş Komandan həmin günlərdə deyirdi: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Tovuz döyüşləri beynəlxalq aləmdə də geniş rezonans doğurdu. Bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfləri aralarındakı gərginliyi azaltmağa və münaqişəni diplomatik yolla həll etməyə, sülhə və danışıqlara çağırdı. Qardaş Türkiyə Azərbaycanı dəstəklədiyini bildirdi və Ermənistanın hücumlarını qınadı. Türkiyə rəsmiləri, o cümlədən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana hər cür dəstək verəcəklərini bəyan etdi. Dörd gün davam edən Tovuz döyüşləri, əslində, yeni zəfərin başlanğıcı idi. Bu hadisələr, həqiqətən də, Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinin başlamasının qığılcımı oldu. Belə ki, Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra xalqımız üçün həlledici olan haqq savaşı başladı. Xalq prezidentin ətrafında sıx birləşərək dəmir yumruğa çevrildi. 27 sentyabrda başlanan vətən müharibəsində bu dəmir yumruq düşmənin başına endirildi. Azərbaycanın otuz ilə yaxın işğal altında qalan müqəddəs torpaqları azad edildi. Şəhidlərimizin qanı yerdə qalmadı. Xalqımız 44 günlük haqq savaşında qalib gəldi, möhtəşəm zəfər çaldı. Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə üç mindən artıq igid vətən övladı canından keçərək şəhidlik zirvəsinə ucaldı. Minlərlə insan sağlamlığını itirdi, qazi oldu.

Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan ölkəmizə qarşı hərbi təxribatlarını davam etdirirdi. Bunun qarşını almaq üçün 2023-cü il sentyabrın 19–20-də hərb tariximizin daha bir parlaq səhifəsini təşkil edən uğurlu lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Yüksək peşəkarlıq və qətiyyət nümayiş etdirərək Azərbaycan Ordusu bir neçə saat ərzində Qarabağda qanunsuz silahlı birləşmələrin, terrorçuların və separatçı rejimin mövcudluğuna son qoydu. Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və şəhidlər, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olundular. Hazırda şəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Bu Qələbəni bizə bəxş edən əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların şücaəti və fədakarlığı isə artıq dastana çevrilib.

Sevinc Azadi, “İki sahil”