Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində maarifləndirici təlimlərə start verilib.
DƏMX-in mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, təlimlərin keçirilməsinin əsas məqsədi işəgötürən və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiyin tələbləri, layiqli əməyin təmini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları və onların tətbiq sahələri barədə ətraflı məlumat vermək, həmçinin istehsalat qəzalarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin gücləndirilməsi üçün onların biliklərinin artırılmasından ibarətdir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də keçirilən ilk təlimdə qurumun 18 əməkdaşı iştirak edib.
Təlimdə Əməyin Mühafizəsi Mərkəzinin və İcbari Sığorta Bürosunun nümayəndələri əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mövzuları ilə bağlı təqdimatlarla çıxış ediblər.
Təlimdə, həmçinin əməyin mühafizəsi sahəsində qəbul olunmuş 58 yeni dövlət standartı və bu standartların müəssisələrdə tətbiqi imkanları barədə iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edək ki, maarifləndirmə təlimlərinin cari ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.