“Qədim Azərbaycan torpağının, Xankəndi şəhərinin ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başa çatsa da bu məkandan ünvanlanan mesajlar, təşkilatın gələcəyi ilə bağlı səsləndirilən fikirlər, müəyyənləşdirilən hədəflər ölkə və dünya mətbuatında geniş müzakirə edilməkdədir. Xankəndi tarixinin yeni səhifəsini yazaraq 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarının beynəlaxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd edə bilərik. İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Təşkilata üzv dövlətlərin liderləri Qarabağda görülən işlərlə bir daha yaxından tanış oldular. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşündəki çıxışında belə bir əminliyi ifadə etdi ki, Prezident İlham Əliyevin uzaqgörən yanaşması ilə bu qədim Xankəndi şəhəri Qafqazın yeni inkişaf və sülh mərkəzi olacaq. Tədbirin işğaldan azad edilmiş bir şəhərdə - Xankəndidə keçirilməsi Zirvə görüşünə xüsusi əhəmiyyət və məna qazandırır”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, keçirilən tədbirlər Azərbaycan reallıqlarının təbliğində öz sözünü deyir: “Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, görüşü yoxdur ki, 30 illik işğal, 44 günlük Vətən müharibəsi, birgünlük antiterror tədbirlərinin keçirildiyi, həmçinin tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına diqqəti yönəltməsin. Zirvə görüşündəki çıxışı da bu baxımdan xüsusi diqqət çəkdi. Ermənistanın Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızın öz dədə-baba torpağından didərgin salındığını önə çəkən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. Dövlət başçısı İlham Əliyev hazırkı dövrün əsas hədəfi olan Qərbi Azərbaycana qayıdışa da diqqəti yönəldərək vurğuladı ki, Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”.
Malik Həsənov vurğulayıb ki, Azərbaycanın ECO-ya üzv ölkələrlə əlaqələri uğurla inkişaf edir: “Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir. Azərbaycan Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında onu da qeyd etdi ki, Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edildi. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir. İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün müzakirə edilən məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə ölkəmiz dünyada ön sıralardadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”.
Millət vəkili bildirib ki, Zirvə görüşü Azərbaycanın ECO daxilində təşəbbüskar və regional lider statusunu bir daha təsdiqlədi: “Çıxışlarda da qeyd edildiyi kimi, nadir tarixi və mədəni irsi təcəssüm etdirən Xankəndi şəhərində, qədim Qarabağ torpağında görüşmək Zirvə görüşünün əhəmiyyətini daha da artırdı. Tədbir hazırkı dövrün əsas çağırışı olan türk dünyasının birliyinin təqdimatı oldu. Xankəndinin ev sahibliyi etdiyi Zirvə görüşü Azərbaycanın sülhə, inkişafa və regional inteqrasiyaya sadiqliyinin parlaq nümunəsi kimi qeyd edildi. Tədbir regional əməkdaşlığa, qarşılıqlı anlaşmaya və tərəqqiyə xidmət edir. Prezident İlham Əliyevin liderliyi, xalqımızın birliyi sayəsində Qarabağın yenidən dirçəldilməsindən böyük qürur hissi ilə bəhs edən qonaqlar onu da qeyd etdilər ki, Azərbaycan ECO-nun Zirvə görüşü üçün nəinki yeni standartı müəyyən etdi, yeni meyarları ortaya çıxardı, həm də çox vacib hesab olunan ECO ailə ruhunun yaradılması istiqamətində mühüm addım atdı. Gələcək Zirvə görüşlərinin bu təcrübəni davam etdirəcəyinə əminlik ifadə edildi. Dövlətimizin başçısı İlham Əliyev yekun çıxışında Zirvə görüşünü dostluğumuzun daha bir nümunəsi kimi dəyərləndirdi”.