07 iyul 2025 10:50
232

Təcrübəli neftçiyə böyük etimad

On illərdir neft sənayesində işləyən, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” adına Neft-Qaz Çıxarma İdarəsinin elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin briqadiri olan Aqşin Dadaşoğlu həm də ölkənin istedadlı qələm adamıdır. Məhz buna görə ona bu sahədə də yüksək etimad göstərilib.

Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısında şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aqşin Dadaşoğlu (Buliyev Aqşin Dadaş oğlu) qurumun baş katibi seçilib.

Məclisdən “İki sahil”ə bildirilib ki, əsası 1960-cı ildə o dövrün gənc şairi və jurnalisti Murad Qudyalçaylı tərəfindən qoyulmuş və bu ilin mayında 65 illik yubileyini təntənəli şəkildə qeyd etmiş “Ulduzlar”ın işinin daha da təkmilləşdirilməsi üçün struktur dəyişikliyinə gedilib.

Qeyd edilir ki, hazırda sədr Fərzalı Ziyanurun başçılıq etdiyi qurum həm rayonda, həm də Respublikada yetərincə tanınan, gözləntilərə səbəb olan bir Məclisə çevrilib. O baxımdan işlər artıb, daha çevik davranmaq zərurəti yaranıb. Buna görə də struktur islahatlarına ilkin olaraq baş katib vəzifəsinin təsis edilməsi ilə başlanılıb. Məclis üzvləri yekdil səslə Aqşin Dadaşoğlunu bu vəzifəyə layiq görüblər.

Göstərilən etimada görə təşəkkürünü bildirən Aqşin Dadaşoğlu deyib ki, ona olan inamı doğrultmaq və “Ulduzlar”ın daha da irəliləməsinə töhfə vermək üçün əlindən gələni edəcək.