05 iyul 2025 20:27
120

Mərakeşli jurnalistlər Milli Kitabxananda olublar

İyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana səfər edən mərakeşli jurnalistlər Azərbaycan Milli Kitabxanasının qonağı olublar.

Milli Kitabxanadan “İki sahil”ə bildirilib ki, direktor professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının dünyanın 57 Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzaladığını, Mərakeş Milli Kitabxanası ilə isə mövcud müqavilənin oktyabr ayında yenilənəcəyini diqqətə çatdırıb. Beş milyona yaxın kitab fondu olan Azərbaycan Milli Kitabxanasının 2023-cü ildə 100 illik yubileyinin qeyd edildiyini vurğulayan direktor Milli Kitabxananın dünyanın 95-dən artıq milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi etdiyini söyləyib. O, Azərbaycan Milli Kitabxanasının bir çox beynəlxalq qurumlara da üzv olduğunu deyib.

Direktor son iki ildə Mədəniyyət Nazirliyi ilə birlikdə Azərbaycan Milli Kitabxanasının dünyanın 6 Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açıldığını diqqətə çatdırıb. Həmçinin Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, adət-ənənələrinin təbliği istiqamətində Milli Kitabxananın dünyaya açılan pəncərələrdən biri olduğunu qeyd edib.

Sonra Kərim Tahirov Mərakeşin Elektron Media Nyus jurnalının jurnalisti Driss Lyakoubi, “Morocco World News” jurnalının həmtəsisçisi və direktoru Adnane Bennis, “Maroc Habdo” fransızdilli həftəlik siyasi jurnalın jurnalisti Aissa Amourag və digər jurnalistlər tərəfindən verilən sualları cavablandırıb.

Adnane Bennis tərəfindən “The Self-Determination Delusion: How Activist Scholars and Journalists Have Hijacked the Western sahara Case” kitabı Azərbaycan Milli Kitabxanasının direktoruna hədiyyə edilib.

Sonra Azərbaycan Milli Kitabxanası ilə tanışlıq olub.

Sonda Kərim Tahirov qonaqlara Milli Kitabxananın 100 illik yubileyi münasibətilə çap olunan “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu hədiyyə edib.