TİM-in hər il təşkil etdiyi “2024 İxracat Çempionları” mükafatlandırma mərasimi İstanbuldakı Haliç Konqres Mərkəzində, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.
Tədbirdə 2024-cü ildə ən çox məhsul ixrac edən ilk 10 şirkətə mükafatlar təqdim olunub.
Türkiyənin ən böyük birbaşa xarici investoru, həmçinin ən iri inteqrə olunmuş sənaye qrupu kimi fəaliyyət göstərən “SOCAR Türkiyə”nin qrup şirkətlərindən olan “Star” NEZ ölkə üzrə mal ixracatının həcminə görə 5-ci pillədə yer alıb. “Star” NEZ-ə verilən “İxracat Çempionu” mükafatını Prezident Rəcəb Tayyib Ərdoğan SOCAR-ın vitse-prezidenti Zaur Qurbanova təqdim edib.
“SOCAR Türkiyə”nin qrup şirkətləri ilə qazandığı bu mükafatlar, şirkətin Türkiyədəki fəaliyyətlərinin strateji əhəmiyyətini bir daha ön plana çıxarır. “SOCAR Türkiyə”, həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatına töhfə verən fəaliyyətlərini qətiyyətlə davam etdirir.
Qeyd edək ki, bu yaxınlarda “Star” NEZ İstanbul Sənaye Palatası (İSO) tərəfindən hazırlanmış “Türkiyənin 500 ən böyük sənaye müəssisəsi 2024 araşdırması”nda üçüncü yeri tutub. “SOCAR Türkiyə”nin digər bir qrup şirkəti olan “Petkim” siyahıda 29-cu pillədə qərarlaşıb.
Məlumat üçün bildirək ki, Türkiyənin sənaye sektorunun nəhənglərini müəyyən edən “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi Araşdırması” İstanbul Sənaye Palatası (İSO) tərəfindən 1968-ci ildən etibarən hər il açıqlanır.
Orxan Vahidoğlu, “İki sahil”