İyulun 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, YAP Daşkəsən rayon təşkilatının və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cavanşir Qocayevin – Atəşinin 75 illik yubileyi və yeni çapdan çıxmış “Dağların qoynunda yaşanan ömür” kitabının təqdimatına həsr olunan tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, böyük şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.
Daha sonra yubilyarın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Cavanşir Qocayevi 75 illik yubileyi münasibətilə təbrik edərək, onun Daşkəsən rayonunun sosial-iqtisadi və ictimai-mədəni həyatında uzun illər ərzində göstərdiyi xidmətləri yüksək qiymətləndirib, gələcək fəaliyyətinə yeni-yeni uğurlar arzulayıb.
Digər çıxış edənlər Cavanşir Qocayevin ictimai və ədəbi fəaliyyəti barədə söz açıblar, ürək sözlərini bölüşüblər.
Tədbirin sonunda Cavanşir Qocayev – Atəşi çıxış edərək, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, bu diqqətin onun üçün böyük mənəvi stimul olduğunu vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin müvafiq əmri ilə Cavanşir Qocayev 75 illik yubileyi və ictimai fəaliyyətinə görə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub. Təltifi Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli təqdim edib.
Yubiley mərasimi Daşkəsəndə bir ziyalının ömür yoluna verilən yüksək qiymətin və mədəni dəyərlərə göstərilən ehtiramın parlaq təcəssümü kimi yadda qalıb.