25 iyun 2025 09:25
121

Azərbaycandan Aİ-yə qaz ixracının dinamikası açıqlandı

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasından Avropa İttifaqına (Aİ) təbii qaz ixracı 1,68 milyard avrodan çox təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə Aİ-nin statistika idarəsi – Eurostat-dan məlumat verilib.

Dəyər göstəricilərinə əsasən, yanvar ayında ixracın həcmi 406,5 milyon avro, fevralda 408,2 milyon avro olub. Mart ayında əhəmiyyətli artım qeydə alınıb – 487 milyon avrodan çox, aprel ayında isə göstərici 385,1 milyon avroya düşüb.

Həcm baxımından isə yanvarda Aİ-yə 834,4 milyon kubmetr, fevralda 802,3 milyon kubmetr, martda 980,7 milyon kubmetr (hesabat dövrü üzrə maksimum göstərici), apreldə isə 892,8 milyon kubmetr təbii qaz ixrac edilib.

Azərbaycan təbii qazı Avropaya Cənub Qaz Dəhlizinin son seqmenti olan Transadriatik boru kəməri (TAP) vasitəsilə nəql edir. TAP-ın illik ötürmə gücü 10 milyard kubmetr təşkil edir və bu göstəricinin 20 milyard kubmetrə qədər artırılması mümkündür.

2024-cü ildə ümumilikdə Azərbaycan qazının satış həcmi 25,2 milyard kubmetr olub ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bu həcmin 12,9 milyard kubmetri Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana ixrac olunub. Həmin dövrdə TANAP vasitəsilə Türkiyəyə təxminən 5,6 milyard kubmetr qaz nəql edilib.