Sinqapurda Beynəlxalq Su Həftəsi sammiti başlayıb. 25 iyun tarixinədək davam edəcək tədbir “Daşqına Davamlı Şəhərlər – İqlim Dəyişikliyinə Uyğunlaşma” mövzusuna həsr olunub.
“İki sahil” xəbər verir ki, məqsəd şəhərlərin daşqınlara və ekstremal hava hadisələrinə hansı dərəcədə hazır olduqlarını müəyyənləşdirmək, dayanıqlığa nail olma istiqamətləri ətrafında müzakirələr açmaq, təcrübə mübadiləsi aparmaq, şəhərlərin, kommunal xidmətlərin, sənaye sahələrinə cavabdeh şəxslərin bir araya gətirməkdir.
3 gün davam edəcək sammitdə yüksək səviyyəli panellər, tematik forumlar, iqlimə uyğunlaşma həlləri üçün sərgi və texniki baxışlar da təşkil olunacaq.
Beynəlxalq Hidro-Ətraf Mühit Mühəndisliyi və Tədqiqatları Assosiasiyasının 41-ci Ümumdünya Konqresi ilə birgə keçirilən bu tədbirdə 250-yə yaxın ekspertin və dünyanın 40-dan çox şəhərinin iştirakı gözlənilir.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini Elçin Məmmədov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Elektromexanika şöbəsinin müdiri Vüqar Hacıyev, Tikilməkdə Olan Obyektlərin Müdriyyətinin baş mühəndisi Babək Məmmədov iştirak edir.