COP29 Sədrliyi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin birgə təşkilatçılığı ilə Bonn şəhərində Paris Sazişinin Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi (ETF) üzrə fəaliyyətlərə, İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanmasına, eləcə də bu sahədə təcrübə mübadiləsinə həsr olunmuş xüsusi tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) gələcək fəaliyyət istiqamətləri təqdim olunub.
Tədbirin açılışında çıxış edən COP29 Sədrliyinin Baş danışıqçısı Yalçın Rəfiyev iqlim şəffaflığının qlobal iqlim fəaliyyətinin qiymətləndirilməsi və gələcək siyasətlərin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, COP29 Sədrliyi tərəfindən bu istiqamətdə atılan addımlar, o cümlədən iqlim şəffaflığı məsələsinin siyasi gündəmdə saxlanılması və konkret tədbirlərin təşviqi barədə iştirakçılara məlumat verib.
Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və beynəlxalq tərəfdaşlar, dövlətlər, təşkilatlar, həmçinin vətəndaş cəmiyyətləri tərəfindən dəstəklənən Bakı Qlobal İqlim Şəffaflığı Platformasının əhəmiyyətinə toxunan Y. Rəfiyev bu təşəbbüsün hesabatlılıq sahəsində institusional və texniki imkanları məhdud olan ölkələrə dəstək göstərəcəyini, eyni zamanda, iqlim şəffaflığının hər bir COP prosesində prioritet kimi saxlanılmasına töhfə verəcəyini qeyd edib. O əlavə edib ki, BTP yalnız siyasi iradənin qorunması deyil, həm də təlimlər, texniki dəstək və regional və çoxtərəfli səviyyədə dialoqların təşkili ilə də xarakterizə olunacaq.
UNFCCC-nin İqlim Şəffaflığı Bölməsinin direktoru Syuexon Vanq (Xuehong Wang) çıxışında COP29 Sədrliyi tərəfindən şəffaflıq sahəsində görülən işləri yüksək qiymətləndirərək, Azərbaycana təşəkkürünü ifadə edib. O, ETF çərçivəsində 2025-ci il üçün müəyyən olunmuş prioritetləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycanın BTR-lərin hazırlanması və təşviqi sahəsində göstərdiyi siyasi iradə və keçirdiyi təlimlər nəticəsində ötən il 100-dən çox ölkə öz hesabatlarını təqdim edib.
O əlavə edib ki, şəffaflıq mexanizmləri ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinin (NDC) icrasının izlənilməsi, iqlim maliyyəsinin səmərəli cəlb olunması və potensialların artırılması üçün ehtiyacların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində Keniya, Qayana və İspaniya nümayəndələri BTR-lərin hazırlanması zamanı üzləşdikləri çağırışlar və qazandıqları uğurlar barədə təqdimatlar ediblər. Tədbirdə çıxış edən iştirakçılar Azərbaycan tərəfindən həyata keçirilən təşəbbüsləri təqdir etdiklərini bildirərək, Bakı Qlobal İqlim Şəffaflığı Platformasına dəstək verməyə və bu çərçivədə gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.