20 iyun 2025 16:52
135

Elçin Əmirbəyov İrlandiya Respublikasına işgüzar səfər edib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun İrlandiya Respublikasına işgüzar səfəri baş tutub.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində E.Əmirbəyov İrlandiya Baş nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi Helen Bleyk, İrlandiya Parlamentinin Nümayəndələr Palatasının spikeri Verona Mörfi, Avropa işləri və müdafiə üzrə dövlət naziri Tomas Börn, Kənd təsərrüfatı, ərzaq ixracı və yeni bazarlar üzrə dövlət naziri Noel Qreliş, XİN-nin siyası direktoru Cerard Koun, İrlandiya Parlamentinin xarici əlaqələr  komissiyanın sədri və eyni zamanda ATƏT Parlament Assambleyasında İrlandiya nümayəndə heyətinin rəhbəri Con Lahart, eləcə də İrlandiyanın keçmiş Baş naziri Berti Ahern ilə görüşlər keçirmişdir. Elçin Əmirbəyov həmçinin İrlandiyanın aparıcı beyin mərkəzi biri olan Beynəlxalq və Avropa Məsələləri İnstitutunun direktoru Aleks Uayt və institutun tədqiqatçıları ilə görüşərək fikir mübadiləsi aparmışdır.

Danışıqlar zamanı Azərbaycan və İrlandiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət, “yaşıl” enerji, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları, habelə parlamentlərarası münasibətlərin genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır. Qeyd olunan sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı maraq ifadə olunmuşdur.
 
Görüşlərdə həmçinin Azərbaycan ilə Aİ arasında münasibətlərə toxunulmuş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyəti vurğulanmışdır. Gələn ilin ikinci yarısında Avropa İttifaqının sədrliyini həyata keçirəcək İrlandiyanın rəsmiləri Aİ ilə Azərbaycan arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamikanı alqışladıqlarını və tərəflərin maraqlarına cavab verən vacib sahələrdə əməkdaşlığın  möhkəmləndirilməsini dəstəklədiklərini vurğulamışlar.

Elçin Əmirbəyov görüşlər zamanı qarşı tərəfə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, davamlı və dönməz sülhə nail olunması üçün əsas çağırışlar və şərtlər, eləcə də Azərbaycanın irəli sürdüyü sülh gündəliyi barədə ətraflı məlumat təqdim etmiş, tərəf müqabilləri ilə bu mövzuda ətraflı fikir mübadiləsi aparmışdır. İrlandiya rəsmiləri Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini və sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini qeyd etmişlər.

Səfər çərçivəsində Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Ermənistanın uzun illər boyu həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələri, Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizm aktları və minalarla çirkləndirilmiş ərazilərin yaratdığı təhlükələr barədə də qarşı tərəfi məlumatlandırmış, bu mövzulara dair müvafiq nəşrləri həmsöhbətlərinə təqdim etmişdir.

E.Əmirbəyov səfər çərçivəsində həmçinin İrlandiyanın media nümayəndələrinə müsahibə verib.