19 iyun 2025 14:42
111

bp şirkəti ilə enerji tərəfdaşlığının inkişafı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazovla bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

“İki sahil” xəbər verir ki, görüşdə şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Müxtəlif enerji növlərindən istifadənin enerji təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlılıq məsələlərinin həllində mühüm rolu vurğulanıb. Bu kontekstdə Azərbaycanın nümunəvi ölkə olduğu, bp şirkəti ilə neft-qaz sahəsində başlayan əməkdaşlığın hazırda bərpa olunan enerji layihəsi - “Şəfəq” günəş elektrik stansiyası ilə uğurla davam etdirilməsi xüsusi qeyd edilib.

Söhbət zamanı mövcud enerji layihələrinin inkişafı, həmçinin “yaşıl enerji” dəhlizi və interkonnektorlarının icrası nəzərdən keçirilib. Qlobal enerji bazarlarında inkişaf tendensiyaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə nümayəndə heyətinin tərkibində iştirak edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə təyin olunmuş yeni regional prezidenti Ciovanni Kristofoliyə gələcək fəaliyyətində dəstək ifadə edilib.