18 iyun 2025 14:33
115

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 16 %-dən çox artırıb

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 % çox - 86,6 milyon manat vəsait köçürüb.

"İki sahil" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 5 aylıq ödənişin 68,6 milyon manatı özəlləşdirmə, 18 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 15,9 % və 18,4 % çoxdur.

Hesabat dövründə Dövlət Xidməti 18 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 424 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 181 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 35 onlayn qoşulma reallaşıb.

Ötən 5 ayda 1 752 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 233-ü qeyri-yaşayış, 1 519-u isə torpaq sahələrinə aid olub.