14 iyun 2025 02:58
176

Qeyri-neft sektoru iqtisadi artımın lokomotivinə çevrilir

Son bir ildə bu sektorda sənaye istehsalı 6 faizdən çox artıb

Dünyada müşahidə olunan geosiyasi gərginliklər və qlobal iqtisadiyyatda artan qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatının inkişafının davam etməsi ölkənin iqtisadi siyasətini dövrün tələblərinə uyğunlaşdırmaq və yaranan mövcud imkanlardan istifadə etmək bacarığının nəticəsidir. Bu gün real sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında mühüm dəyişikliklər baş verir. Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması davamlı xarakter alır. Azərbaycan xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevrilir. Bu sahədə artıq ciddi uğurlar qeydə alınır. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft sektorunda daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək hədəflənir. Rəsmi rəqəmlər də sözügedən məqsədin gerçəkləşəcəyi əminliyini yaradır. Belə ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 26 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə qeyri neft-qaz sektorunda məhsul istehsalı 6,4 faiz artıb. Yeri gəlmişkən, bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib. Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur. 2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat proqnoza qarşı 10 milyard 961,9 milyon manat, yəni 97,9 faiz icra olunub. Nəticədə dövlət büdcəsində 3 milyard 3 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

Bu gün iqtisadi diversifikasiyada qeyri-neft sənayesinin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması isə mövcud sahənin yeni mərhələyə daxil olmasını şərtləndirir. Bu mərhələdə qeyri-neft sənayesinin inkişafı ölkəni karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə olunan gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Son illərdə respublikada yüzlərlə müasir qeyri-neft sənaye müəssisəsi, yeni istehsal sahələri və müxtəlif bölgələrdə sənaye parklarının yaradılması, daxili tələbatın ödənilməsində yerli məhsulların payının əhəmiyyətli dərəcədə artması da bu məsələnin reallaşmasında həlledici rola malikdir. Azərbaycanda qeyri-neft sənaye sahələrinin yaradılmasına investisiya cəlbi üçün əlverişli biznes mühiti, coğrafi yerləşmə, müasir infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Müasir sənaye zonaları və aqroparkların təşəkkülü də, belə demək mümkünsə, bu cür əlverişli mühitin məhsuludur. Bu istehsal sahələrində iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur, sahibkarlara təşkilati köməklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir.

Qeyri-neft sənaye sahələrində, məsələn, sənaye parklarında rezidentlər üçün dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında gerçəkləşdirilir. Dövlət vəsaiti hesabına yaradılan müasir infrastruktur iş adamlarına öz vəsaitlərini birbaşa layihəyə investisiya olaraq yönəltmələrinə imkan yaradır. Bütün bunlarla yanaşı, sənaye parklarında iş adamlarına müasir infrastrukturla təmin edilən torpaq sahələri, həmçinin hazır tikililər isə uzunmüddətli icarəyə verilir. Qeyri-neft sektorunda uğurlu göstəricilərin əldə edilməsində dövlətimizin başçısının rəhbərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram şübhəsiz ki, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını sürətləndirib. Belə vəziyyət ölkənin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına da əhəmiyyətli təsir göstərib. Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrübəsindən səmərəli yararlanmaq böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlərdən biri kimi tanıdır.

Sevinc Azadi, “İki sahil”