06 iyun 2025 19:56
113

Gürcüstanın Baş naziri Qurban bayramı ilə əlaqədar Tbilisi Cümə məscidini ziyarət edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyunun 6-da Qurban bayramı ilə əlaqədar Tbilisi Cümə məscidini ziyarət edib.

“İki sahil” xəbər verir ki, İrakli Kobaxidze bayram münasibətilə ölkə müsəlmanlarını təbrik edib. Hökumət başçısı deyib ki, Gürcüstanda yaşayan müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanlar birgə dinc şəraitdə yaşayıblar. Bildirib ki, Gürcüstanın müsəlman icması ölkənin qurulması və inkişafına mühüm töhfə verir.

Onun sözlərinə görə, Gürcüstan hökuməti də onların fəaliyyətini yüksək qiymətləndirib və onların qayğısına qalır. Baş nazir deyib: "Çox şadam bu bayramı sizinlə birlikdə qeyd edirik. Sizi bir daha təbrik edirəm və Sizə sülh və əminamanlıq arzulayıram”.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze də müsəlmanların müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Faiq Nəbiyev və Şərqi Gürcüstanın müftisi Etibar Eminov İrakli Kobaxidzeyə diqqətə görə minnətdarlıq ediblər.

Bayram tədbirində Gürcüstanın dövlət və hökumət rəsmiləri, deputatlar, müsəlman ölkələrin Tbilisidəki diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra Baş nazir məscidin imamları və din xadimləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.