31 may 2025 09:00
174

Avstriyada tarixçinin yerin altından tapdığı qutu İkinci Dünya müharibəsinə dair rəvayəti təsdiqlədi

Avstriyada İştvan Sebenyi adlı macar tarixçisinin yerin altından tapdığı köhnə qutu tarixi əhəmiyyət kəsb edib.

Belə ki, qutuda 10 min Macarıstan əsgərinin xilas edilməsi ilə bağlı İkinci Dünya müharibəsinə dair rəvayəti təsdiqləyən sənədlər olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Need To Know" nəşri yazıb.

Tarixçi qutunun yerini daha əvvəl tapdığı məktubdan öyrənib. Məktub onu bir vaxtlar qalanın olduğu Haaq rayonuna aparıb. Basdırılmış qutunun içərisində sərəncamlar, əməliyyat hesabatları və xəritələr olub.

Rəvayətə görə, 1945-ci ildə qalanı tutan macar əsgərləri sovet qoşunlarının hücumunu gözləyirdilər. Onlar əsir götürüləcəklərinə əmin idilər və hansısa çıxış yolları axtarırdılar.

Problemi macar polkovniki Layoş Malanotti həll edib. O, köhnə dostu - ABŞ-li general Corc Pattona müraciət edib və SSRİ-nin əlinə düşməmələri üçün onun əsgərlərini əsir götürməsini xahiş edib. Patton razılaşıb.

Son vaxtlara qədər bu rəvayətin etibarlı təsdiqi yox idi. Sebenyinin fikrincə, onun tapıntısı rəvayətin real hadisələrə əsaslandığını göstərib.