Monteneqro və Yaponiya arasında viza rejimi bu ilin payızından etibarən ləğv olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Miloyko Spayiçin Tokioda yaponiyalı həmkarı Şiqeru İşiba ilə görüşündə razılıq əldə edilib.
Görüşdə Monteneqronun Yaponiyada səfirliyinin açılması ilə bağlı müzakirələr aparılıb, ilin sonuna kimi bu istiqamətdə konkret addımların atılması və fəaliyyətin intensivləşdirilməsi razılaşdırılıb.
Miloyko Spayiç səfəri Monteneqro-Yaponiya dostluğunun gələcək kursunu təyin edəcək ikitərəfli münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirib.
Görüşdə, həmçinin iki ölkə arasında münasibətlər, iqtisadi əməkdaşlığın gücləndirilməsi, o cümlədən enerji, yaşıl enerji, infrastruktur, turizm, ekologiya və yüksək texnologiyalar sahələrində potensial müzakirə olunub.