Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi, Aqdal-Riyad bələdiyyəsi və Arribat Mərkəzinin birgə təşkilatçılığı ilə “Mərakeş uşaqlarının gözü ilə Azərbaycan” mövzusunda rəsm müsabiqəsinə start verilib. Tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Mərakeş Vəliəhd Şahzadəsi Mulay Həsənin doğum günü münasibətilə təşkil olunub.
“İki sahil” xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Müsabiqənin açılış mərasimində Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov bu təşəbbüsün uşaqlar arasında yaradıcılığı, mədəniyyətlərarası dialoqu və dostluq münasibətlərini təşviq etdiyini bildirib. “Uşaqlar Azərbaycanı öz təsəvvürləri ilə rəsmlərə köçürərək, ölkəmizin mədəni irsini, musiqisini və müasir simasını böyük zövq və dəqiqliklə əks etdirirlər”, – deyə səfir vurğulayıb.
Diplomat, həmçinin mərakeşli tərəfdaşlara, müəllim və valideynlərə təşəkkürünü bildirib və iştirak edən uşaqları “yaradıcılıq səfirləri” adlandıraraq, onların bu layihə vasitəsilə Azərbaycan ilə Mərakeş arasında dostluq körpüsü yaratdığını qeyd edib.
Qeyd edək ki, Arribat Mərkəzi Rabat şəhərində yerləşən ən iri ticarət mərkəzidir. Mərkəzi gün ərzində ziyarət edən minlərlə insan Azərbaycanın mədəniyyəti, mədəni irsi və turizm potensialı ilə tanış olacaqlar.