25 may 2025 16:00
89

Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Bakıda görüşüblər - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər naziri Andriy Sıbihanın başçılıq etdiyi nümayəndə heyətini Ukrayna nazirinin Azərbaycana səfəri çərçivəsində qəbul edib. 

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanan əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən ardıcıl dəstəyi vurğulayan nazir Ceyhun Bayramov, dövlətlər arasında beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı perspektivlərinin olduğunu qeyd edən tərəflər, Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edərək, bu kontekstdə qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son vəziyyət, Ermənistanın bu prosesdə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.

Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma, eləcə də humanitar minatəmizləmə sahəsində dəstəyi yüksək qiymətləndirib. Nazir Andriy Sıbiha 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə təkbətək görüşü başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində məlumat yayıb.

Nazirlər ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə müzakirə aparacaqlar.