Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-yə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının hədəf indikatorları olaraq müəyyən edilib.
“İki sahil” xəbər verir ki, bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) bir sıra internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə keçirilən görüşdə İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov deyib.
O, artıq cari ilin aprel ayının göstəricisi 54% daha yüksək 76,87 Mbit/s olması barədə məlumat verib.
Nail Mərdanov əlavə edib ki, hazırda ölkəmizdə 2,2 milyon sabit genişzolaqlı internet abunəçisi mövcuddur ki, onlardan da 1,7 milyonu, yaxud 78%-i GPON texnologiyası istifadə edir. Bu texnologiya üzərindən 1 Gbit/s internet sürətinin təqdim olunması mümkündür. Hazırda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı təmin olunub.
“Yenilənmiş infrastruktur, müştəri təcrübələri, latent tələb və digər araşdırmalar göstərir ki, internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün operator və provayderlərimiz artıq 150-200 Mbit/s-dən yuxarı internet sürət paketləri təqdim etməlidirlər. Bunun üçün telekommunikasiya infrastrukturu 1 Gbit/s və yuxarı internet sürətlərini dəstəkləməli və yüksək sürət paketləri təqdim edə bilməlidirlər. Ölkədə internetdən istifadə sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün yüksəksürətli xidmət təkliflərinin olması zəruridir”, – deyə İKTA sədri qeyd edib.