20 may 2025 17:50
125

Rusiya XİN USAID-i sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərdə ittiham edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda və şəhərin bir sıra digər ərazilərində Rusiya Prezidenti əleyhinə təhqiramiz plakatlarla bağlı insidentləri şərh edib.

“İki sahil” xəbər verir ki, brifinq zamanı belə aksiyaların Ermənistan parlamentinin bəzi deputatları tərəfindən sosial şəbəkələrdə dəstəkləndiyi qeyd olunub.

Rusiya XİN nümayəndəsi bu cür təxribatların kökündə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılmış maliyyə vəsaitlərinin dayandığını bildirib.

“İrəvandakı ABŞ səfirliyində kimsə hələ də köhnə sxemlərlə yaşayır. Görünür, USAID-dən ayrılmış pullar hələ də qalıb və bu cür layihələrə yönəldilib”, – deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində USAID-in vəsaiti ilə “heç bir yaxşı iş görülməyib” və bu təşkilat daim sabitliyi pozmağa yönəlmiş sınaqdan keçmiş sxemlər üzrə fəaliyyət göstərir.

“USAID-in pulları ilə bir yaxşılıq etməyə cəhd etsəydilər, məsələn, kimisə müalicə elətdirsəydilər, nəsə tiksəydilər, hansısa böhranı aradan qaldırsaydılar. Heç vaxt, heç vəchlə”, – deyə o əlavə edib.