21 may 2025 01:58
111

Paşinyan sülh üçün yaranmış ideal şəraiti dəyərləndirə biləcəkmi?

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaradan, Cənubi Qafqazda etimad mühiti və dayanıqlı sülhün bərəqərar olması üçün ciddi addımlar atan, Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsipləri, eləcə də sənədin mətnini tərtib edərək rəsmi İrəvana təqdim edən Azərbaycan daim regionda sülh təşəbbüslərinin müəllifi olub.

Hazırda Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb.  Bir tərəfdən rəsmi Bakı ilə sülh sazişini imzalamağa, regional əməkdaşlığa hazır olduğunu bildirən Ermənistan hakimiyyəti əməldə buna süni əngəllər törədir. 2025-ci ilin martında Ermənistan Azərbaycanla sülh sazişi layihəsinin son iki bəndini də qəbul etdi. Bununla sülh müqaviləsinin 17 maddəlik mətni razılaşdırıldı. Sülh sazişinin imzalanması üçün rəsmi İrəvan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalı, Ermənistan konstitusiyasında dəyişiklik edilməlidir. Rəsmi İrəvan, həmçinin ATƏT-in Minsk qrupunu buraxılması istiqamətində addımlar atmalıdır. Paşinyan hakimiyyəti bu məsələlərlə bağlı konstuktiv mövqe nümayiş etdirmir. N.Paşinyanın Tiranada Azərbaycan İctimai Televiziyasına müsahibəsində məsələyə münasibət bildirərkən qeyri-konstruktiv mövqeye sərgiləməsi isə sülh niyyətinə zidd siyasi mövqedir. Ekspertlərə görə, mayın 16-da Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin Sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bu məsələlər müzakirə olunub. 

Gerçəklik odur ki, heç bir ölkə başqa suveren dövlətin ərazisinə iddia irəli sürə bilməz. Eləcə də bu iddia heç bir halda həmin dövlətin ali qanunu hesab olunan konstitusiyasında əks oluna bilməz. Deməli, Ermənistanla əldə oluna biləcək davamlı sülhün başlıca şərti məhz bu tələbin yerinə yetirilməsidir.  Ermənistan tərəfi Müstəqillik Aktına və bu akta istinad olunan konstitusiyanın preambula hissəsinə müvafiq qaydada dəyişiklik etməlidir. Çünki işğalçı dövlətin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinə, ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Ən əsası da odur ki, Ermənistan konstitusiyasında bu sənədə istinadlar öz əksini tapıb. Digər tərəfdən, bugünkü reallıqlar fonunda ATƏT-in Minsk qrupunun formal olsa belə mövcudluğuna heç bir ehtiyac yoxdur.  

Prezident İlham Əliyev daim bu məsələlərə toxunaraq Ermənistanın sülh prosesində əsl irəliləyiş əldə etmək üçün atmalı olduğu addımları açıqlayır. Ölkəmizin başçısı davamlı olaraq bəyan edir ki, ilk növbədə, Ermənistan konstitusiyasını dəyişdirməli və Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialara tamamilə son qoymalıdır. Ermənistanın mövcud konstitusiyası hələ də Azərbaycanın suverenliyini tanımayan, ərazi iddialarını özündə ehtiva edən müddəaları saxlayır və bu, sülh prosesinin qarşısındakı ən böyük maneələrdən biridir.

Bu günə qədər Azərbaycan Ermənistanla münasaibətlərin normallşması istiqamətində mühüm işlər görüb, sülh gündəliyinə daim sadiq qalıb. Rəsmi Bakı Cənubi Qafqazda davamlı sülhün, əmin-əmanlığın, əməkdaşlığın bərqərar olmasına töhfə verən addımlar atır. Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Cənubi Qafqazda de-fakto sülh var. O, sülh müqaviləsinin mətni üzrə işin yekunlaşdığını qeyd edərək, onu da əlavə edib ki, bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var: “Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq. Amma məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun”.

Gerçəklik budur. Baxaq görək, N.Paşinyan regionda sülh üçün yaranmış ideal şəraiti dəyərləndirə biləcəkmi?

Zahid Rza, “İki sahil”