20 may 2025 11:49
102

Orxan Məmmədov: KOB-lara praktiki dəstək üzərində fokuslanmışıq

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda fəaliyyət göstərən KOB-lara praktiki dəstək üzərində fokuslanıb.

“İki sahil” xəbər verir ki, bunu Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci Plenar iclasında bidirib.

Onun sözlərinə görə, KOB evləri bir pəncərə prinsipi ilə qeydiyyat, lisenziyalaşdırma, maliyyə məsləhətləri və ixrac bazarlarına çıxış xidmətlərini bir arada təqdim edir: "Bu model sahibkarlıq proseslərini sadələşdirməklə yanaşı, sahibkarlara inkişaf üçün lazım olan resursları təmin edir. Biz digər AQEM ölkələrini də bu cür modelləri nəzərdən keçirməyə və sahibkarlığı təşviq etməyə çağırırıq".

KOBİA sədri vurğulayıb ki, AQEM-in Nazirlər Şurasının qərarına əsasən 2024-cü ildən başlayaraq 2026-cı ilə qədər Müşavirəyə Azərbaycan sədrlik edəcək: "Azərbaycanın sədrliyi dövründə məqsədimiz Qazaxıstanın əvvəlki sədrliyi çərçivəsində irəli sürülmüş təşəbbüslərin üzərində qurmaq və bizneslərimizə real fayda verəcək praktiki təşəbbüslərə fokuslanmaq olub. Bu təşəbbüslərdən biri AQEM Katibliyinin təqdim etdiyi KOB Bələdçisidir. Bu layihə biznesə başlama, maliyyələşməyə çıxış və yeni bazarlara daxil olmaqla bağlı praktiki tövsiyələri özündə birləşdirən faydalı bir resursdur. Burada biznesin qeydiyyatı, tənzimləyici çərçivələr və investisiya imkanları ilə bağlı mühüm məlumatlar yer alır. Lakin bu bələdçinin tam potensialına çatması üçün bütün üzv dövlətlərinin töhfələri ilə zənginləşdirilməsi vacibdir. Sizin təcrübələriniz, yaxşı təcrübə nümunələriniz və tövsiyələriniz onu region üzrə sahibkarlar üçün daha faydalı və əhatəli bir vasitəyə çevirə bilər".

O. Məmmədov həmçinin deyib ki, yerli məlumatların, hüquqi yeniliklərin və uğurlu təcrübələrin paylaşılması ilə bu bələdçini KOB-ların biznes mühitində uğurla fəaliyyət göstərməsi üçün əsas resursa çevirmək olar: "Bugünkü sessiya həmçinin KOBİA-nın həyata keçirdiyi bəzi əsas sahələri və ən yaxşı təcrübələri təqdim etmək üçün bir imkandır. Rəqəmsal transformasiya sədrliyimizin əsas prioritetlərindən biridir. Biz inanırıq ki, KOB-ların rəqəmsal alətlər və platformaları tətbiq etməsi onların əməliyyat səmərəliliyini artırmaqla yanaşı, yeni bazarlara çıxışı da genişləndirəcək. Bu istiqamətdə biz KOB-lar üçün rəqəmsal marketinq, e-ticarət və məlumatların idarə olunması üzrə təlimlər təşkil edirik. Bundan əlavə, biz qadın sahibkarlığının dəstəklənməsinə də xüsusi önəm veririk. Qadınların rəhbərlik etdiyi bizneslərin dəstəklənməsi dayanıqlı iqtisadi inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Sədrliyimiz çərçivəsində qadın sahibkarlar üçün təlim, mentorluq və şəbəkələşmə imkanlarını təmin edən xüsusi təşəbbüslər keçirməyi planlaşdırırıq".

Sədr vurğulayıb ki, digər əsas prioritet sahə "yaşıl iqtisadiyyat"dır: "Biz KOB-ları dayanıqlı biznes təcrübələrini mənimsəməyə və ESG – ətraf mühit, sosial məsuliyyət və idarəetmə prinsiplərini əməliyyatlarına inteqrasiya etməyə təşviq edirik. Azərbaycanın sədrliyi çərçivəsində təsis edilmiş Bakı İqlim Koalisiyası yaşıl biznes təşəbbüslərinin təşviqi və KOB-ların dayanıqlı fəaliyyətə keçidini dəstəkləmək üçün nümunə təşkil edir".