20 may 2025 10:10
106

Kamran Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır

Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən bunu Baş prokuror Kamran Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – "GlobE Network" çərçivəsində altıncı plenar iclasındakı çıxışında deyib.

Onun sözlərinə görə, cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir: 

"Prezidentin müraciətində də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sahədə əlaqələndirici və aparıcı rola malikdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsası qoyduğu dövlət idarəçiliyində şəffaflıq və qanunun aliliyi prinsipləri, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək korrupsiyaya qarşı sıfır tolerantlıq mövqeyi ilə davam etdirilir. Ölkə rəhbərliyinin siyasi iradəsi, konkret hədəfləri və prinsipial mövqeyi bu sahədə əldə etdiyimiz nəticələrin əsas təməlini təşkil edir".

K.Əliyev bildirib ki, ölkədə 2012-ci ildə yaradılmış və artıq beynəlxalq səviyyədə tanınan “ASAN xidmət” modeli vətəndaşlar üçün şəffaf və sürətli xidmət nümunəsi korrupsiyanın qarşısının alınmasında və ictimai idarəçiliyə etimadın gücləndirilməsində mühüm rol oynayır:

"Bu innovativ yanaşma rəqəmsallaşma və şəffaflıq üzərində qurulmuş uğurlu dövlət siyasətinin göstəricisidir. Biz birgə səylərlə daha şəffaf, daha dürüst və sabaha inamla baxan bir dünya qurmağa çalışırıq. Gələcək nəsillərə ədalətli cəmiyyət və aydın sabahlar miras qoymaq üçün bu mübarizədə bir addım da irəli getməliyik".