18 may 2025 01:40
80

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

Son aylar ərzində Vişeqrad dördlüyünə daxil olan dörd ölkədə (Macarıstan, Çexiya, Slovakiya və Polşa) narahatedici tendensiya müşahidə olunur.

“İki sahil” xəbər verir ki, qeydiyyata alınan zəhərlənmə hallarının sayı əhəmiyyətli dərəcədə artıb. Zərərçəkənlərin əksəriyyəti azyaşlı uşaqlardır. Bundan əlavə, yeni növ tütün məhsulların meydana çıxması ilə əlaqədar nikotinlə zəhərlənmə səbəbindən tibbi yardım üçün müraciət edən gənclərin sayı da durmadan artır.

Təkcə Macarıstanda ötən il tibb müəssisələri tərəfindən 27 594 zəhərlənmə hadisəsi qeydə alınıb. Bu rəqəm 2023-cü illə müqayisədə 21 faiz çoxdur.

Məlum olub ki, zəhərlənmə hallarının üçdə ikisi spirtli içkilər, qalanları isə dərman preparatları səbəbindən baş verib. Çox vaxt bu hallar intihar məqsədi ilə baş verir.

Bundan başqa, xüsusilə uşaqlar arasında bəzi dərmanların dəyişdirilməsi və ya dozanın aşılması səbəbindən xəstəxanaya düşmə ilə nəticələnən bədbəxt hadisələr də qeydə alınıb.

Daha sonra narkotik maddələrlə zəhərlənmələr gəlir, ardınca isə 10-14 yaş arası uşaqlar arasında zəhərlənmə yolu ilə intihar halları nisbətən daha çox müşahidə olunur.

Ötən il Macarıstanda 81 uşaq özünü zəhərləyərək intihar edib.

Nikotinlə zəhərlənmə halları isə yeni növ məhsullarının dövriyyəyə buraxılması ilə artır və bu hallar hər il yüzlərlə dəfə qeydə alınır.

Bu məhsulların yarada biləcəyi simptomlar hələ də öyrənilməkdədir. Bəzi hallarda yeni maddələri yoxlamağa çalışan uşaqlar, xüsusən yeniyetmələr xəstəxanaya düşürlər.