16 may 2025 22:16
127

Ermənistan reallıqları nə dərəcədə qəbul edib? - Sülh prosesində həlledici mərhələ

Politoloq: Ermənistan konstitusiyasının mövcud mətnində Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların qalması bu kontekstdə danışıqların ruhuna zidd bir çəkişmə nöqtəsinə çevrilir

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan prosesin nəticəyə yaxınlaşması, şübhəsiz ki, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm mərhələdir. Son aylar ərzində sülh sazişinin əsas məqamları üzrə konsensusun əldə olunması və əvvəllər ciddi fikir ayrılığı doğuran maddələrin də razılaşdırılması göstərir ki, tərəflər artıq texniki danışıqlar mərhələsini arxada qoyaraq siyasi qərarların verilməsi mərhələsinə keçiblər. Bu, eyni zamanda, onu göstərir ki, Azərbaycan diplomatik səviyyədə uzun illər apardığı prinsipial və ardıcıl siyasət nəticəsində Ermənistanı real vəziyyəti qəbul etməyə və Azərbaycanın yaratdığı yeni regional düzəni tanımağa məcbur edə bilib. Rəsmi İrəvandan gələn sülh anonsları da bu reallığın dolayı etirafıdır.

Lakin burada diqqət yetirilməli əsas məqam odur ki, sadəcə bəyanatlar və ritorikalar sülh üçün yetərli deyil. Sülhün davamlı və əbədi olması üçün Ermənistan tərəfinin üzərinə düşən konkret və ölçülə bilən öhdəlikləri yerinə yetirməsi zəruridir.  Azərbaycan tərəfi bu məsələdə prinsipial mövqe tutur: sülh sadəcə sənəd deyil, həm də siyasi iradənin, hüquqi düzənin və ictimai rəyin dəyişməsi ilə müşayiət olunmalıdır. Bakı haqlı olaraq hesab edir ki, əgər Ermənistan bu prosesdə passivlik və ya ikili siyasət nümayiş etdirərsə, əldə olunmuş razılaşmaların praktik nəticəyə çevrilməsi mümkün olmayacaq. Ermənistanın son aylarda sərgilədiyi nisbətən konstruktiv ritorika müəyyən pozitiv əlamət sayılsa da, bu, hələ real siyasi iradə və məsuliyyətin göstəricisi deyil. Əsas məsələ həmin bəyanatların əməli addımlarla tamamlanmasıdır.

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da jurnalistlərə müsahibəsində deyib ki, bir neçə istiqamət kontekstində martda Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni üzrə danışıqlar yekunlaşıb: “Azərbaycanın Ermənistan tərəfindən bəlli bir legitim gözləntiləri var. Həmin gözləntilər Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların Ermənistan Konstitusiyasından çıxarılması, o cümlədən uzun illər tamamilə iflic bir vəziyyətdə olan və münaqişənin tamamlanması ilə məntiqi bir ehtiyac duyulmayan Minsk qrupunun ləğv edilməsidir. Bu istiqamətdə prosesləri izləyirik, təmaslar var. Ancaq bizim üçün önəmli addımlar əhəmiyyət kəsb edir”.

Politoloq İlyas Hüseynov bütün bu reallıqlar fonunda mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, 2020-ci ilin payızında baş tutan Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bölgədə tamamilə yeni bir mərhələyə qədəm qoyuldu: “Onilliklər boyunca dondurulmuş vəziyyətdə saxlanılan münaqişə faktiki olaraq Azərbaycanın siyasi iradəsi, diplomatik qətiyyəti və hərbi gücü sayəsində öz həllini tapdı. Qarabağın separatizm alətinə çevrilməsinə son qoyuldu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa edildi və regional güc balansı kökündən dəyişdi. Bu dəyişikliklər Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yenidən qurulmasını labüd etdi. Azərbaycanın yaratdığı reallıqlar fonunda regional əməkdaşlıq formatlarına, kommunikasiya xətlərinin açılmasına və ümumən yeni münasibətlər sisteminə olan ehtiyac daha da aktuallaşdı. Məhz bu zəmində Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gəldi. Artıq tərəflər uzun və çətin danışıqlar mərhələsini arxada qoyub və razılaşdırılmış sənəd üzərində yekun siyasi qərarların verilməsi mərhələsinə keçid ediblər”.

Politoloqun sözlərinə görə, sülh prosesinin uğurla başa çatması üçün təkcə siyasi iradə yox, eyni zamanda, hüquqi və konstitusion zəminin yenilənməsi, ictimai rəydə barışa dəstək formalaşdırılması, revanşist ritorikaların neytrallaşdırılması və regional güc mərkəzlərinin səmərəli balansı tələb olunur: “Sülh müqaviləsinin yalnız razılaşdırılması deyil, onun dayanıqlı şəkildə həyata keçirilməsi üçün institusional təminatlar lazımdır. Bu isə yalnız dövlət başçıları səviyyəsində deyil, parlament, məhkəmə və digər dövlət institutlarının da prosesə uyğunlaşmasını tələb edir. Ermənistan konstitusiyasının mövcud mətnində Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların qalması bu kontekstdə danışıqların ruhuna zidd bir çəkişmə nöqtəsinə çevrilir. Bu səbəbdən, sülh müqaviləsi imzalanmamışdan öncə İrəvanın hüquqi sənədlərdəki ziddiyyətli elementləri aradan qaldırması beynəlxalq ictimaiyyət tərəfindən də gözləntilər sırasındadır”.

Politoloqun sözlərinə görə, digər vacib məsələ ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlıdır : “Bu qurum artıq funksionallığını itirmişdir. Minsk qrupu çərçivəsində aparılmış danışıqlar heç bir nəticə verməmiş, nə BMT Təhlükəsizlik Şurasının qətnamələri, nə də digər beynəlxalq təşkilatların qərarları icra edilmişdir. Azərbaycan öz ərazi bütövlüyünü yalnız hərbi-siyasi gücü hesabına bərpa etmişdir. Bu baxımdan, artıq Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmamış və bu strukturun tamamilə buraxılması zərurətə çevrilmişdir”.

İlyas Hüseynov qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesi isə uğurla davam edir: “Şimal istiqamətində 12 kilometrlik Ermənistan-Azərbaycan sərhəd zolağının razılaşdırılması, mühüm irəliləyiş kimi qiymətləndirilə bilər. Əlavə olaraq, heç bir hərbi gərginlik və eskalasiya olmadan Qazax rayonunun dörd kəndi Azərbaycanın nəzarətinə verilmişdir. Qarşıdakı mərhələdə həm Qazaxın qalan üç kəndinin, həm də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxil olan Kərki kəndinin Azərbaycana qaytarılması və ümumilikdə Ermənistan-Azərbaycan sərhədlərinin tam müəyyənləşdirilməsi istiqamətində danışıqlar davam etdirilməlidir.

Bu proseslər müxtəlif formatlarda, müxtəlif iştirakçılarla aparılır. Lakin ən mühüm mərhələ Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri arasında keçiriləcək birbaşa danışıqların təşkili olacaq. Bu görüşlər həm sülhə, həm də regional təhlükəsizliyə mühüm töhfə verəcək və tərəfləri bir-birinə daha da yaxınlaşdıracaq”.

Nigar Orucova, “İki sahil”