15 may 2025 12:39
121

Mirşahin Ağayev: Media sadəcə informasiya vasitəsi deyil, eyni zamanda təfəkkür məsələsidir

“Media sadəcə informasiya vasitəsi deyil, eyni zamanda, media təfəkkür məsələsidir. Biz tariximizə baxdıqda “Əkinçi” qəzeti ilə fəxr edir və Həsən bəy Zərdabini milli mətbuatımızın banisi kimi xatırlayırıq. Bu, yalnız keçmişə hörmət deyil, həm də gələcəyə məsuliyyətdir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində “REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev deyib.

O qeyd edib ki, Azərbaycan Dövlət Himnində yer alan “Namusunu hifz etməyə” fikri çox dərin mənalar daşıyır. Bu, bizim milli kimliyimizə, dəyərlərimizə və şərəfimizə verdiyimiz yüksək önəmin göstəricisidir. Mətbuat isə bu namus və dəyərlərin qoruyucusu olmalıdır.

“Sosial şəbəkələrin informasiya xaosu yaratdığı, bəzən həqiqəti kölgədə qoyduğu bir dövrdə biz bu Himni daha dərindən anlamağa və media vasitəsilə cəmiyyətin düşüncə sağlamlığını qorumağa borcluyuq”, - deyə M.Ağayev əlavə edib.