09 may 2025 23:17
127

Avropada daxili bazar gücləndirilməlidir

Almaniyanın yeni Kansleri Fridrix Merts 9 May – Avropa Günü münasibətilə Brüsselə səfər edib, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə ilk rəsmi görüşlərini keçirib.

“İki sahil” Almaniya Kanslerinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, A.Koşta ilə görüşdə Avropada daxili bazarın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu bazarın 30 ildən artıq müddətdə rifah və siyasət üçün mühüm rol oynadığını qeyd edən F.Merts Almaniya hökuməti üçün kapital bazarlarının inteqrasiyasının da mühüm sahələrdən olduğunu bildirib. O, bunun yalnız bütün Aİ daxilində ortaq səylərlə mümkün ola biləcəyini diqqətə çatdırıb.

F.Merts və U.Lyayenin görüşündə isə Avropa sənayesinin rəqabət qabiliyyətinin artırılması istiqamətində hüquqi və iqtisadi çərçivələrin yaradılması barədə razılıq əldə olunub. Miqrasiya məsələsində də üzv ölkələr arasında koordinasiyalı fəaliyyətin vacibliyini diqqətə çatdıran Kansler ölkəsinin sərhəd nəzarətini gücləndirəcəyini və geriqaytarmaları davam etdirəcəyini vurğulayaraq, bunun Avropa hüququna tam uyğun olduğunu deyib.