08 may 2025 22:36
93

Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir

Xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edir. Ulu Öndər Azərbaycan xalqının firavan gələcəyi naminə göstərdiyi misilsiz xidmətlərlə dünya siyasətinin parlaq simalarından biri kimi yaddaşlara həkk olunub. Onun dövlətçilik ənənələri bu gün də müstəqil dövlətimizin inkişaf strategiyasının təməlində dayanır.

Dahi Liderin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikada yeni bir inkişaf mərhələsi başlandı. Kənd təsərrüfatı, elmi-texniki tərəqqi, təhsil və mədəniyyət sahələrində əldə olunan nailiyyətlər məhz həmin dövrün Heydər Əliyev dühasına söykənən mühüm nəticələridir.

Sovet dövrünün sərt ideoloji qadağalarına rəğmən Ulu Öndər milli maraqları qətiyyətlə qorumağı bacarmış, Azərbaycan gənclərinin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaları üçün şərait yaratmış, ölkəmizin kadr potensialını formalaşdırmışdır. Onun məqsədyönlü siyasəti nəticəsində sənaye sahəsində mühüm nailiyyətlər əldə olunmuş, gələcək müstəqil dövlətin iqtisadi əsaslarının formalaşması istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən dərin siyasi böhran və idarəetmədəki xaos təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu. Belə bir taleyüklü məqamda - 1992-ci il noyabrın 21-də dahi lider Heydər Əliyevin sədrliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası “Dövlətə sədaqət, xalqa xidmət” prinsipi əsasında formalaşaraq qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkəmizdə ictimai-siyasi sabitliyi bərpa etmişdir.

Ümummilli Lider müstəqil dövlət quruculuğunun təməl istiqamətlərindən biri kimi güclü və peşəkar ordu formalaşdırılmasını prioritetlərdən biri elan etmişdir. 1994-cü il mayın 12-də Ermənistanla əldə edilən atəşkəs razılaşması ilə ölkəmizdə sabitlik üçün əlverişli şərait yaranmışdır. Vahid komandanlıq sisteminin yaradılması, hərbi təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və orduya dövlət nəzarətinin tam bərpası bu mərhələnin əsas nailiyyətləri olmuşdur.

Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın zəngin neft və qaz ehtiyatlarını ilk dəfə olaraq transmilli enerji şirkətlərinin iştirakı ilə dünya bazarına çıxarmağa imkan yaratdı. Sazişin imzalanması təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Həyata keçirilən mütərəqqi islahatlar nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkə kimi tanındı. Xarici sərmayələrin ölkəyə axını sürətləndi, neft sektorunun inkişafı ilə yanaşı, digər sahələrə də investisiyalar yönəldildi. Beləliklə, “Əsrin müqaviləsi” bütövlükdə ölkəmizin siyasi və iqtisadi inkişafı baxımından mühüm dönüş nöqtəsinə çevrildi.

Dahi Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Əsas Qanun müstəqil dövlət quruculuğu prosesində mühüm mərhələ olmaqla yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etmişdir. Bu mühüm sənəd ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsasını təşkil etmiş, qanunverici, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətini tənzimləyən prinsipləri müəyyənləşdirməklə idarəetmədə hüquqi və institusional bazanı formalaşdırmışdır. Konstitusiyanın qəbul edilməsi ilə demokratik dəyərlərə, hüququn aliliyinə və şəffaf idarəetməyə əsaslanan dövlət modelinin inkişafı üçün hüquqi zəmin yaranmış, ölkənin gələcək siyasi və sosial inkişaf istiqamətləri konstitusion əsasda müəyyən olunmuşdur.

Ümummilli Lider Heydər Əliyev çevik və məharətli diplomatiya ilə Azərbaycanın milli maraqlarını müdafiə etməyə nail olmuşdur. Dahi Lider dünyada gedən geosiyasi prosesləri dərindən təhlil edərək beynəlxalq münasibətlər sistemində ölkəmizin yerini və rolunu düzgün müəyyənləşdirmişdir. Onun praqmatik xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına və nüfuzunun artmasına səbəb olmuşdur.

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri məqsədyönlü şəkildə genişləndirilmiş, qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər qurulmuşdur. Diplomatik münasibətlərin inkişaf etdirilməsi nəticəsində ölkəmiz siyasi dialoq, iqtisadi inteqrasiya və təhlükəsizlik sahələrində əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Azərbaycan dünya birliyində sülh, əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə sadiq dövlət kimi yüksək etimad qazanmışdır.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələri Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin parlaq təcəssümüdür. Bu layihələr Azərbaycanın təbii ehtiyatlarının dünya bazarına çıxarılması, eyni zamanda, regionun geosiyasi xəritəsini dəyişdirərək yeni əməkdaşlıq modellərinin əsasını qoymuşdur. Dahi Liderin təşəbbüsü və qətiyyəti nəticəsində reallaşan bu nəhəng layihələr Azərbaycanın enerji sektorunun inkişafına və ölkəmizin geoiqtisadi rolunun artmasına şərait yaratmışdır. Həmin layihələr, həmçinin beynəlxalq sərmayədarların ölkəmizə olan inamını möhkəmləndirmiş, siyasi sabitliyin və iqtisadi dayanıqlığın təminatçısı rolunda mühüm əhəmiyyət kəsb etmişdir.

Ümummilli Lider Heydər Əliyev müdrik dövlət xadimi olmaqla yanaşı, həm də bütöv bir ideologiyanın, siyasi məktəbin və milli inkişaf fəlsəfəsinin banisidir. Onun siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin təməl sütunlarını formalaşdırmaqla yanaşı, milli maraqlara söykənən sabit və çevik idarəetmə modelinin əsasını qoymuşdur. Ulu Öndərin qətiyyətli iradəsi və uzaqgörənliyi ilə formalaşdırılan, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən siyasət ölkənin sosial, iqtisadi, siyasi və mədəni sahələrində dayanıqlı inkişafı təmin edən strateji əsasları formalaşdırmışdır.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətti müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək ölkəmizin inkişafı üçün mühüm addımlar atmışdır. Onun rəhbərliyi ilə Azərbaycan bir sıra mühüm tarixi nailiyyətlərə imza atmış, hərtərəfli inkişaf istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etmişdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmişdir. Bu tarixi zəfərlərlə ölkəmiz regionda yeni geosiyasi reallıqlar yaratmışdır. Bununla yanaşı, dövlətimizin başçısının təşəbbüsləri ilə reallaşan regional və beynəlxalq layihələr, xüsusən enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq layihələri ölkəmizin strateji mövqeyini daha da gücləndirmiş, həmçinin siyasi və iqtisadi nüfuzunu artırmışdır.

Bu gün də Ulu Öndərin ideyaları öz aktuallığını qorumaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatlar, həyata keçirilən strateji layihələr və milli inkişaf kursu məhz həmin irsdən qaynaqlanır. Bu vəhdət Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasət yürütməsini, dayanıqlı iqtisadi inkişafını və beynəlxalq nüfuzunun artmasını təmin edən əsas amillərdir.

Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri