Tarix boyu millətlərin taleyində elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti yalnız müəyyən bir dövrə deyil, bütöv bir xalqın gələcəyinə istiqamət verir. Onlar təkcə siyasi lider deyil, həm də milli yaddaşın və dövlətçilik iradəsinin simvoluna çevrilirlər. Müasir Azərbaycanın memarı, dünya miqyasında qəbul olunan nadir dövlət xadimi Ulu Öndər Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Onun ideyaları və gördüyü işlər təkcə XX əsrin deyil, XXI əsrin də strateji inkişaf istiqamətlərinin əsasını təşkil edir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rol, dövlət quruculuğu və milli kimliyin formalaşması istiqamətində göstərdiyi əzmkarlıq, Onun yalnız bir lider kimi deyil, bir ideya və idarəetmə məktəbi kimi də qəbul olunmasına səbəb olmuşdur. O, mürəkkəb və çətin bir zamanda xalqının səsinə səs verərək Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi, sabitlik və inkişaf üçün əsaslı bünövrə qoydu. Bugünkü güclü və qalib dövlətimizin möhkəm siyasi iradəsi, iqtisadi müstəqilliyi və ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər məhz Ulu Öndərin hakmiyyəti illərində atılmış strateji addımların məntiqi davamıdır.
Xüsusilə qeyd olunmalıdır ki, Ümummilli Lider gəncləri Azərbaycanın gələcəyi kimi qiymətləndirir, onların milli ruhda, vətənpərvər və intellektual şəkildə yetişdirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi. “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır” fikri onun gənclərə verdiyi önəmi ifadə edən mühüm prinsipdir. Bu gün də Azərbaycanda həyata keçirilən gənclər siyasəti, təhsil islahatları, gənclərin elmi, mədəni və ictimai fəallığı məhz Ulu Öndər Heydər Əliyev siyasətinin davamı olaraq öz bəhrəsini verir. Gənc nəslin dövlət idarəçiliyinə cəlb olunması, onların dəstəklənməsi, şəxsiyyət kimi formalaşması üçün yaradılan şərait bu siyasi kursun zamanla daha da gücləndiyini sübut edir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, əldə edilən tarixi Zəfər, işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış prosesi — bütün bunlar Heydər Əliyev məktəbinin müasir mərhələdə davamıdır. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sosial, humanitar və mədəni sahələrdə gördüyü işlər bu mirasın xalqla daha da vəhdət içində yaşadılmasının təzahürüdür.
Azərbaycan Respublikası Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “İki sahil”ə açıqlamasında Ulu Öndər Heydər Əliyevin Azərbaycan həmçinin dünya siyasəti üçün necə əvəzolunmaz bir şəxsiyyət olduğunu vurğulayıb. O qeyd edib ki, zaman keçdikcə Heydər Əliyevin vizyonu və ideyalarının Azərbaycanın müasir inkişafında nə qədər mühüm rol oynadığı daha dərindən başa düşülür. Bugün Azərbaycan dünyanın diqqətini cəlb edən, güclü və müasir bir dövlətə çevrilibsə bunun əsas səbəbi məhz Ulu Öndərin ideyaları və həyata keçirdiyi böyük işlərdir.
Səməd Seyidovun sözlərinə görə, Azərbaycanın əldə etdiyi hər bir uğurda Heydər Əliyevin imzası vardır. Bu, yalnız Azərbaycanın bugünkü inkişafına, sabitliyinə və gücünə deyil, həm də ölkənin gələcəyinə olan böyük bir sərmayədir. Çünki Ulu Öndər bu ölkənin təməlini qoymuş, gələcəyini planlaşdırmışdır. Onun adı bu gün də Azərbaycanın gücünün, sabitliyinin və inkişafının simvoludur.
Komitə sədri əlavə edib ki, Heydər Əliyev haqqında danışarkən biz yalnız keçmişi yad etmirik. Əksinə biz bugünümüzdən, sabahımızdan və Azərbaycanın gələcəyindən danışırıq. Ulu Öndər Azərbaycanın güclü bir dövlət olmasına yönələn yolun ilk addımlarını atmış, bu xalqın ruhunda və dövlətinin sütunlarında əbədi olaraq yaşayır. Bu davamlı təsir Heydər Əliyevin ideyalarının və gördüyü işlərin nə qədər dərin və qalıcı olduğunu göstərir və hər zaman belə olacaq.
Milli Məclisin deputatı Mehriban Vəliyeva da Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixindəki əvəzsiz rolunu və xalqımızın gələcəyini formalaşdıran dərin təsirini vurğulayaraq, onun tarixin özünü yaradan nadir şəxsiyyətlərdən biri olduğunu bildirib: “Elə şəxsiyyətlər var ki, onlar tarixin özünü yaradır. Müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Tariximizin mühüm bir mərhələsi Onun həyatı və fəaliyyəti ilə bilavasitə bağlıdır. O, yalnız zamanının deyil, bütöv bir xalqın taleyini dəyişən, tarixi yazan nadir şəxsiyyətlərdən biridir. Heydər Əliyevin fəaliyyəti çoxşaxəli və çoxistiqamətlidir. Ulu Öndər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli mədəniyyətimizin inkişafında, cəmiyyətimizin formalaşmasında və gələcəyimizin qurulmasında dərin məzmunlu, konseptual bir inkişaf proqramı ortaya qoydu. Məhz bu səbəbdən Ulu Öndərin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq”.
Deputat qeyd edib ki, müstəqilliyin ilk illərində, Azərbaycanın taleyinin həll olunduğu ən çətin anlarda, ölkənin siyasi və sosial sisteminin dağılmaq üzrə olduğu bir zamanda Ulu Öndər bütün sahələr üzrə — siyasət, iqtisadiyyat, təhsil, ordu quruculuğu və s. — strateji xətt müəyyənləşdirdi. Eyni zamanda, gəncliyin inkişafı və təhsil sahəsində də dərin islahatlara imza atdı: “Əslində, bu xidmətlərin təməli hələ sovet dövründə, 1970-ci illərdə Onun rəhbərliyi altında qoyulmuşdu. Həmin illərdə həyata keçirilən kadr siyasəti, məktəblər şəbəkəsinin genişləndirilməsi, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması gələcək müstəqil Azərbaycanın təməl daşları idi. Bununla yanaşı, azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrinə verdiyi töhfələr də əvəzsizdir. Bütün bu istiqamətlər daha sonra, müstəqillik dövründə də sistemli strateji xətt kimi inkişaf etdirildi”.
Mehriban Vəliyeva vurğulayıb ki, Ulu Öndərin ilk böyük addımlarından biri iqtisadi inkişafın əsasını qoyan "Əsrin müqaviləsi" oldu: “Ümummilli Lider deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu düşüncə Onun bütün fəaliyyətinə rəhbərlik edirdi. Cəmiyyətin birləşdirilməsi, milli həmrəyliyin təmin olunması istiqamətində də Heydər Əliyevin mühüm tarixi missiyası var idi. Məhz onun təşəbbüsü ilə azərbaycançılıq ideologiyası formalaşdı və xalqı vahid ideya ətrafında birləşdirdi. Bu gün Ulu Öndərin layiqli davamçısı Ali Baş Komandan Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirir. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa edərək xalqımızı tarixi Zəfərə qovuşdurdu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu gün də xalqımızın rifahı, sosial müdafiəsi və inkişafı naminə əzmlə çalışırlar”.
Deputat əlavə edib ki, Böyük Qayıdış prosesi bu gün Azərbaycanın fəxarət mənbəyinə çevrilib. Təhsil sahəsində də ciddi islahatlar həyata keçirilir, Heydər Əliyev Fondu sosial-humanitar istiqamətdə misilsiz işlər görür: “Əminik ki, bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycan bu ideyalarla daha yüksək zirvələrə doğru inamla irəliləyir”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Heydər Əliyevin dahi şəxsiyyət olduğunu vurğulayaraq, Onun müdrik kəlamlarının yalnız keçmişə deyil, həm də bu günə və gələcəyə işıq tutduğunu qeyd edib: “Heydər Əliyev — dahidir! Dahi o şəxsə deyilir ki, onun sözləri yalnız keçmişi yox, bu günü və gələcəyi də aydın görür. Baxın, hələ Naxçıvanda olarkən, hələ rəsmi hakimiyyətə gəlməmişdi, Ümummilli Lider o zaman deyirdi ki, əgər bir xalq öz hüquqlarını dərk edir və onu qoruya bilirsə, ən kiçik dövlət belə ən böyük dövlət qədər güclü ola bilər. Bu fikri səsləndirən insana “dahi” deməmək mümkündürmü? Onun başqa bir dahiyanə fikri də yaddaşımıza əbədi həkk olunub. Ulu Öndər deyirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu ifadə bir əqidənin, bir xalqın və bir dövlətin möhkəmliyinin simvoludur”.
Şahlar Əsgərov diqqətə çatdırıb ki, Ümummili Lider Heydər Əliyev yalnız siyasi lider deyil, o həm də tarixi şəxsiyyətdir: “O, əsarət və müstəmləkə şəraitində yaşamış Azərbaycandan müstəqil, suveren, öz sözünü deyən bir dövlət qurdu və onu bu xalqa miras verdi. Bu gün bizim vəzifəmiz odur ki, o böyük mirasa sahib çıxaq, onu gələcək nəsillərə daha da möhkəmləndirərək ötürək. Çünki bu dövlət, bu azadlıq, bu inkişaf — Onun uzaqgörənliyi, mübarizəsi və sevgisi ilə formalaşıb”.
Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva “İki sahil”ə açıqlamasında Azərbaycanın müstəqilliyi və uğurlarının Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və möhkəm iradəsi ilə bağlı olduğunu qeyd edib: “Azərbaycanın adı Ulu Öndər Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Bu gün müstəqil, suveren və qalib Azərbaycanın hər bir uğuru, hər bir qələbəsi Onun uzaqgörən siyasətinin, möhkəm iradəsinin nəticəsidir. Xalqımızın rifahı, gənclərimizin gələcəyə inamla addımlaması, qadın siyasətində bərabər imkanların yaradılması — bütün bunların əsasında məhz Ulu Öndərin düşünülmüş strateji xətti dayanır”.
Z. Quliyeva vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev xalqının hər zaman arxasında dayanan, ən çətin məqamlarda onun səsinə səs verən böyük lider olmuşdur. Ulu Öndər daim inamla deyirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar azad olunacaq və xalqımız öz doğma yurdlarına qayıdacaqdır. Bu sözlər, əslində, bir vəsiyyət idi — xalqına, dövlətinə ünvanlanan müqəddəs vəsiyyət. Bu vəsiyyəti isə Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi. Əgər bu gün Azərbaycanın müstəqilliyindən danışırıqsa, bu müstəqilliyin bərpası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması isə Onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə mümkün olmuşdur”.
Nigar Orucova, “İki sahil”