09 may 2025 01:26
104

Erməni faşizmini məhv edən Azərbaycan tarixi Zəfərə imza atdı

Təkcə adı belə damarlarda qanı donduran, milyonların ölümü ilə nəticələnən, şəhərləri, kəndləri viran qoyan müharibələr çox olsa da İkinci Dünya müharibəsi dəhşətləri ilə fərqlənib. O ağrı-acılı günlərdən 80 il keçsə də yaraları hələ də sağalmayan, 1418 gün davam edən İkinci Dünya müharibəsi qurbanlarının sayı ilə də seçilir. Təkcə SSRİ-dən 27 milyon insanın məhvi ilə nəticələnən bu müharibədə 15 milyondan artıq hərbçi və dinc əhali yaralanıb, əlil olub. Torpağa sədaqəti müqəddəs duyğu kimi milli xüsusiyyətlərində yaşadan Azərbaycan xalqı o dövrdə Böyük Vətən hesab etdiyimiz SSRİ-nin alman faşizmindən qorunması üçün elliklə səfərbər oldu. Statistik rəqəmlərdə qeyd olunduğu kimi, müharibənin ilk günlərindən 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak edib, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçərək III Reyxin süquta yetirilməsində xüsusi rəşadət göstərib.

Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı düşmənə ağır zərbələr endirdiklərinə görə hər iki azərbaycanlı komandir Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Həzi Aslanov 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb. Döyüşlərdə fərqlənən Qafur Məmmədov, İdris Süleymanov, İsrafil Məmmədov, Ziya Bünyadov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və başqaları da göstərdikləri igidliyə görə eyni fəxri ada layiq görülüblər. Ümumiyyətlə, 4 il davam edən müharibədə igidliklərinə görə 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunmuşlar. 170 min həmvətənimiz orden və medallarla mükafatlandırılıb. Ziba Qəniyeva, Aliyə Rüstəmbəyova, Dürrə Məmmədova kimi Azərbaycan qadınları cəbhədə göstərdikləri şucaətə görə ən yüksək orden və medallarla təltif olunublar. Təkcə müharibədə deyil, arxa cəbhədə də şücaət göstərən azərbaycanlılar gecə-gündüz çalışaraq qələbəyə töhfələrini veriblər. Bakı neftçiləri bu sahədə xüsusilə fərqləniblər. O illərdə Sovetlər İttifaqında hasil olunan neftin böyük hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanda hasil edilirdi. Faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış Sovet ordusunun tank və təyyarələrinin əksəriyyəti Azərbaycan nefti ilə işləyirdi. İkinci Dünya müharibəsində xalqımızın fədakarlığını yüksək qiymətləndirən, əslən azərbaycanlı olan Nikolay Baybakovun «Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü» sözləri bu fədakarlığa verilən dəyər idi. Ölkənin yanacaq balansında xüsusi payı olan Azərbaycan neftçilərinin əməyini marşal K.Rokossovski bu sözlərlə qiymətləndirib: «Hər bir hərbi təyyarənin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır.» Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilib. Bir məsələni xatırladaq ki, neft mədənlərində, xüsusi təyinatlı müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70 faizini qadınlar təşkil edirdi. Azərbaycanlıların şəxsi vəsaitləri hesabına müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl vəsait toplanmışdı. Cəbhəyə 1,6 milyondan çox daha çox ehtiyac duyulan zəruri əşyalar və 125 vaqon isti geyim göndərilib.

Müharibədə iştirak edən, Vətənə orden və medallarla qayıdan həmvətənimiz həmişə xalqımızın qürur mənbəyi olmuşlar. «Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur» söyləyən Ulu Öndər Heydər Əliyevin bu sahədəki diqqət və qayğısını davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə müharibə veteranları həmişə dövlət qayğısı ilə əhatə olunublar. «Azərbaycan Qələbənin əldə olunmasında çox böyük rol oynamışdır - həm ön cəbhədə, həm də arxa cəbhədə. Bizim zavodlarımızda hərbi texnika istehsal olunurdu. O texnika və silahlar ki, müharibənin ən ağır anlarında sovet ordusuna əvəzsiz xidmət edirdi» söyləyən Prezident İlham Əliyevin sərəncamlarına əsasən, hər il 9 May Qələbə Günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına və əlillərinə, onlara bərabər tutulan şəxslərə maddi yardımlar göstərilir.

Genlərində satqınlıq, namərdlik, dostlara arxadan zərbə vurmaq kimi mənfur xarakterləri yaşadan ermənilər bu müharibədə əməllərindən əl çəkməmişlər. Qaniçənlikdə faşistləri üstələyən, faşizm ideyalarına sadiq ermənilər III Reyxə xidmət göstərərək İkinci Dünya müharibəsində də milli mənsubluğundan asılı olmayaraq əsirlərlə amansız rəftar etmiş, gestaponun Buhenvald, Ovsensim, Liditse, Treblinka kimi digər ölüm düşərgələrində insanları ağır işgəncələrlə qətlə yetirmişlər.

İkinci Dünya müharibəsi bitdikdən sonra, sovetlər birliyində dinc yaşadığımız şəraitdə baş qaldıran erməni faşizmi xalqımıza daha acı dəhşətlər yaşatdı. Ötən əsrdə dəfələrlə ermənilərin törətdikləri soyqırımlara , deportasiyalara məruz qalan soydaşlarımız ata-baba torpaqlarından zorla çıxarıldılar. 1988-ci ildə daşnak siyasətinə, ideyalarına xidmət edən ermənilərin Qərbi Azərbaycanda- Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törətdikləri qanlı faciələr faşistlərin əsirlərə yaşatdıqları işgəncələrdən daha dəhşətli oldu. Həmin dövrdə 250 mindən artıq soydaşımız ata-baba yurdları Qərbi Azərbaycanı, tərk etməyə məcbur qaldı. 1992-ci ilin fevralında soyqırımı törədən ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Şəhərin 613 sakini xüsusi qəddarlıqla öldürüldü, diri-diri yandırıldı. 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldılar. Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqlar da erməni faşizminin, vəhşiliyinin nəticəsidir. Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya, «Tunel» adlanan ərazilərində, Başlıbeldə , Xocavəndin Edilli kəndində , Fərrux yüksəkliyi yaxınlığında aşkarlanan kütləvi məzarlıqlar da erməni vəhşiliyini sübut edən dəhşətli faktlardır. Bu gün bəşəriyyətə, insanlığa qarşı cinayət olan faşizmə sadiqliyini davam etdirən Ermənistan terrorçularının, silahlı dəstələrdən ibarət separatçıların 30 ildə azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə, soyqırım siyasətləri müasir dövrümüzdə hitlerizmin davamıdır.

İkinci Dünya müharibəsində qazanılan Qələbə estafetini erməni faşizminə qarşı Vətən müharibəsində davam etdirən Azərbaycan xalqı, Silahlı Qüvvələrimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistana tarixi dərs verdi. Vətən müharibəsinin ilk günlərində «Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin «dəmir yumruğu» işğalçının «yenilməz ordu» mifini dağıtdı. Bütün dünya gördü ki, əsl yenilməzlik sözü Azərbaycanın Silahlı Qüvvələrinə məxsusdur. Mənəvi ruh, güc, xalq-ordu birliyi hesabına Hitler despotundan da qəddar olan erməni faşizmini məhv edən Azərbaycan xalqı müstəqilliyimizi, suverenliyimizi təsdiqləyən Zəfərə imza atdı. Bu imza əsl Vətən uğrunda qazanılan Qələbənin təsdiqi idi. 1941-1945-ci illərdə davam edən müharibədə «ümumi evimizi», SSRİ-ni faşizm taunundan xilas edən Azərbaycanın qəhrəman oğul və qızlarının varisləri 44 gün ərzində torpaqlarımızı əsarətdən qurtardılar. Xankəndidə, Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında, Qubadlıda, Şuşada qaldırılan üçrəngli Bayraqlarımız beynəlxalq terrorizmə, faşizmə qarşı mübarizədə qalib gələn Azərbaycan xalqının qətiyyətinin nümunəsi olmaqla düşmənə gözdağı oldu. Qarabağ münaqişəsi yaranan ilk gündən torpaqlarımızın danışıqlar və hərbi yolla azad olunacağını bildirən Prezident İlham Əliyev dəfələrlə vurğulayırdı ki, üçüncü yol yoxdur. Müdafiə qüdrətimizin güclənməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində XXI əsrin döyüş taktikasını nümayiş etdirən Milli Ordumuz Zəfəri ilə tarix yazdı.

Yenə də mənfur xislətini davam etdirərək müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan imtina edən Ermənistan deyəsən «dəmir yumruq» üçün darıxıb. Havadarlarının dəstəyinə arxalanan Ermənistanın hələ də sülh sazişini imzalamaqdan çəkinməsi faşist hiyləsinə, qəddarlığına sadiqlikdir. Prezident İlham Əliyevin «Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq» sözləri düşmənə daha bir xəbərdarlıqdır. Ermənistanın rəhbərliyi kimi, revanşistləri də aydın başa düşürlər ki, heç bir müharibə daimi olmur. Ən qanlı müharibələrin sonu danşıqlarla bitib. Bu dəfə də belə olacaq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində və bir günlük lokal antiterror tədbirləri zamanı Silahlı Qüvvələrimizin gücünü görən, Azərbaycanın bölgədə yaratdığı reallıqlardan təcrid olunan Ermənistan yeni geosiyasi konfiqurasiyada özləri üçün yer axtaracaqlar. Hadisələrin gedişi göstərir ki, bu «axtarışlar» onlara Hitlerin taleyini yaşadacaq.

Xuraman İsmayılqızı, «İki sahil»