08 may 2025 17:43
143

Vyetnam liderinin ölkəmizə səfəri əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradacaq

“Qlobal güc mərkəzlərinin dəyişdiyi bir zamanda Vyetnam kimi inkişaf etmiş Asiya ölkəsinin Cənubi Qafqaz regionun güclü aktoru Azərbaycan ilə münasibətlətini inkişaf etdirməkdə maraqlı olması diqqətçəkicidir.

Bu mənada Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri rəsmi Hanoyun regional siyasətə marağının artdığını göstərir. Eyni zamanda, səfər çərçivəsində imzalanan sənədlərin ikitərəfli münasibətlərin yüksəlişinə yeni zəmin yaradacağı şübhə doğumur.” Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın imzalanması tarixi hadisə oldu.

Birgə Bəyanatı strateji tərəfdaşlıq səviyyəsinin təsdiqi kimi qiymətləndirmək olar. Çünki bununla hər iki ölkə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəldilər. Şübhəsiz, bu bəyanat siyasi dialoqun gücləndirilməsinə xidmət etməklə yanaşı, tərəflərin daimi yüksək səviyyəli təmaslar qurmasına və qarşılıqlı səfərlərin təşviqinə müsbət təsir göstərəcək.

Bununla yanaşı, strateji tərəfdaşlıq bəyanatı həm də Azərbaycan və Vyetnam arasında qarşılıqlı etimadın və siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərir. Bu, hər iki ölkənin bir-birini mühüm və etibarlı tərəfdaş kimi qəbul etdiyinin sübutudur. Eyni zamanda, strateji tərəfdaşlıq bəyanatı Azərbaycan və Vyetnam arasında əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üçün bir çərçivə yaradır. Bu, sadəcə diplomatik münasibətlərin möhkəmləndirilməsi deyil, həm də iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin əhəmiyyətli dərəcədə inkişafını nəzərdə tutur.

Həmçinin strateji tərəfdaşlıq Azərbaycanın və Vyetnamın öz xarici əlaqələrini şaxələndirmək səylərinin bir hissəsidir və hər iki ölkənin beynəlxalq arenada daha geniş əməkdaşlıq qurmaq istəyini göstərir. Strateji tərəfdaşlıq, adətən, ölkələr arasında uzunmüddətli perspektivə hesablanmış, geniş spektrli sahələrdə dərinləşdirilmiş əməkdaşlığı və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini ehtiva edir. Buna görə də, Birgə Bəyanat, əminliklə demək olar ki, iki ölkənin qarşılıqlı maraqlarına cavab verən, uzunmüddətli və hərtərəfli əməkdaşlığa sadiqliyini nümayiş etdirən fundamental bir sənəddir. Bunun tam və effektiv icrası ikitərəfli münasibətlərin konkret nəticələrlə zənginləşməsinə və hər iki xalqın rifahına töhfə verəcək. Bununla yanaşı Azərbaycan və Vyetnam arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər də imzalandı ki, bu da iqtisadiyyat, ticarət, enerji və mədəniyyət sahələrində əməkdaşlığın inkişafını hədəfləyir.

Deputat sonda qeyd edib ki, Vyetnam liderinin ölkəmizə səfəri və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradacaq. Strateji tərəfdaşlıq statusu iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır və eyni zamanda Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsinə yeni aspektlər əlavə edir. Cənab To Lamın Bakıya səfəri, sadəcə, iki ölkə arasında münasibətlərin inkişafı deyil, həm də Asiya və Avrasiyanın yeni geosiyasi əlaqələnməsi kimi qiymətləndirilə bilər. Şübhəsiz, bu səfər Azərbaycan diplomatiyasının yeni geosiyasi çoxqütblülüyünün daha bir təsdiqidir və ölkəmizin iqtisadi əməkdaşlıq, dostluq münasibətlərinə açıq olduğunun təzahürüdür. Eyni zamanda bu səfər Azərbaycanın geniş spektrli əməkdaşlıq diplomatiyasına öz müsbət təsirini göstərərək ölkəmizin geosiyasi aktor kimi nüfuzunu daha da artırır.

Rəşad Mahmudov,
​Milli Məclisin deputatı