08 may 2025 17:42
148

Azərbaycanla Vyetnam arasında əlaqələr davamlı inkişafdadır

Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən  Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə  səfəri Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Əlbəttə ki,  Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Məlum olduğu kimi, hələ SSRİ dönəmində, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər etmişdi. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olmuşdu. Vyetnam onda Azərbaycan adlı bir məmləkət haqqında ilkin siaysi, iqtisadi, mədəni təəssüratlara malik olmuşdu. Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr, demək olar, stabil xarakterə malikdir. Ümumiyyətlə, tərəflər arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.

 2025-ci il mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə  verdiyi müsahibə zamanı  bu məsələyə xüsusi ilə toxunaraq bildirdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Prezident İlham Əliyevin müsahibəsində 2014-cü ildə Vyetnama səfərinin və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin iki dövlət arasında münasibətlərin inkişafına mühüm önəm kəsb etdiyini söyləyib: “Azərbaycanla Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti önə çəkilib. Xarici işlər nazirliklərinin və parlamentlərarası əlaqələrin fəaliyyətinə toxunulub. Eyni zamanda Azərbaycanın və Vyetnamın  Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığından bəhs olunub. İki ölkə arasında energetika sahəsində əməkdaşlığın mühüm aspektlərinin olduğunu vurğulanıb. Buna misal kimi 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanan müqavilənin əhəmiyyətindən bəhs edilib. Sözsüz ki, neft sahəsində əməkdaşlığımızın möhkəm tarixi təmələ əsaslandığı da ölkəmizin başçısı da tərəfindən qeyd edilməsi xüsusi önəm kəsb edir. Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub”. 

2024-cü ildə isə Bakıda Vyetnam müharibəsinin qəhrəmanlarına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi olunub. Bununla yanaşı Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirilib. Ölkəmizin başçısı da müsahibəsində bu məqamlara xüsusi ilə toxunub. Vurğulanıb ki, bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib. Dövlət başçımız müsahibədə qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaranacağına, bunun iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcəyinə, yeni əməkdaşlıq imkanlarının mövcudluğuna əminliyini də bildirərək dünyəvi proseslərdə mühüm əhəmiyyətə malik olan bir məqamı da xatırlatdı. 

Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Eyni zamanda hər iki ölkənin nazirlik və digər qurumları arasında birbaşa əlaqələr qurulmuşdur. Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. Azərbaycanla Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verməkdədir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri