Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə müsahibəsi Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişaf dinamikası və qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərinin dəyərləndirilməsi baxımından mühüm önəm kəsb edir. Müsahibədə dövlətimizin başçısı ölkələrimizi birləşdirən tarixi əlaqələr, həmçinin enerji, ticarət, mədəniyyət, təhsil və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi kompleks məsələlərə dair fikirlər söyləyib.
Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin əsası hələ XX əsrin ortalarında qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri və 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama etdiyi səfər bu münasibətlərin ideoloji-siyasi əsaslarını formalaşdırıb.
Son dövrlərdə ölkələrarası münasibətlərin yüksələn xətt üzrə inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri müstəsna rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Hanoya dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Bakıya rəsmi səfəri siyasi dialoqun intensivləşməsinə mühüm töhfə verib. Dost ölkənin dövlət başçısının həmin səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə keçirilən Birinci Azərbaycan-Vyetnam biznes forumu iqtisadi və ticari əlaqələrin genişləndirilməsində önəmli platformaya çevrilib.
Azərbaycan və Vyetnam arasında yaradılan Hökumətlərarası Komissiya iqtisadi, ticarət, elmi və texniki sahələrdə əlaqələrin sistemli şəkildə inkişafını təmin edir. Enerji sahəsində də əməkdaşlıq tarixi köklərə malikdir, Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin qurulmasında oynadığı rol xüsusilə əhəmiyyətlidir. Bu kontekstdə Azərbaycanın SOCAR və Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” neft şirkətləri arasında 2019-cu ildə imzalanmış müqavilə strateji tərəfdaşlığın bariz nümunəsidir. Prezident İlham Əliyev müsahibəsində iki ölkə arasında əmtəə dövriyyəsinin 2024-cü ildə 223,93 milyon ABŞ dolları təşkil etdiyini bildirib və bu göstəricinin gələcəkdə artacağına əminliyini ifadə edib.
Müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə, ekologiya və turizm sektorunda əməkdaşlığın böyük perspektivləri mövcuddur. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına töhfə edəcək.
Təhsil sahəsində əməkdaşlıq da müstəsna əhəmiyyət kəsb edir. SSRİ dövründə ölkəmizdə təhsil alan təqribən 5 min vyetnamlı bu gün Vyetnamın müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışır. Prezident İlham Əliyevin Hanoya səfəri zamanı məzunlarla keçirilən görüş, eləcə də 2015-ci ildə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsis olunması bu əlaqələrin uğurlu nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi, təhsil sahəsində mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər”.
Xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu 2018-ci ildən etibarən Vyetnamda bir sıra sosial layihələr həyata keçirib. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ilin aprelində Hanoya səfəri çərçivəsində keçirilən görüşlər, xüsusilə Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi ilə bağlı sertifikatın təqdim olunması Azərbaycan tərəfindən humanitar sahəyə verilən əhəmiyyətin göstəricisidir.
Azərbaycan-Vyetnam münasibətləri bu gün etibarlı tərəfdaşlığa əsaslanır. İki ölkə beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Hər iki dövlət çoxtərəfli diplomatiyada bir-birini dəstəkləyir və beynəlxalq hüquqa əsaslanan prinsiplərə sadiqlik nümayiş etdirir.
Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi dövlətlər arasında qarşılıqlı etimad və anlaşmanı daha da möhkəmləndirib. Bu dinamikanın davamı olaraq Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın 2025-ci il mayın 6-da ölkəmizə dövlət səfəri münasibətlərdə yeni mərhələ kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev bildirib ki, Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.
Heydər Əsədov,
Milli Məclisin deputatı