08 may 2025 16:07
147

Heydər Əliyev hər bir azərbaycanlı üçün böyük bir məktəbdir

Tarix görkəmli şəxsiyyətlərin həyat salnamələri ilə yazılır. Müasir-müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun həyat və fəaliyyəti ilə bağlı hər məqam Azərbaycan tarixinin şanlı səhifəsi, müstəqil Azərbaycanın isə möhkəm bünövrəsidir. Buna görə də onunla bağlı əlamətdar günlər xalqımız, ölkəmiz üçün də xüsusi məna kəsb edir, əhəmiyyətli tarixi hadisə kimi xatırlanır və qeyd olunur. Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycançılıq ideyalarını hər şeydən uca tutan, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev ilə Azərbaycanın adı qoşa çəkilir, dövlətçiliyimizin rəmzi kimi qəbul edilir. Anadan olmasının 102-ci ildönümündə də bütün azərbaycanlılar tərəfindən dərin ehtiram və sevgi ilə yad edilən Ümummilli Liderin mənalı həyatı, məhsuldar fəaliyyəti haqqında saatlarla, günlərlə danışmaq, cild-cild kitablar nəşr etmək olar. Bu gün qürur duyduğumuz, haqqında fəxrlə danışdığımız Azərbaycanımız məhz dahi liderin şah əsəridir.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra hazırladığı və həyata keçirdiyi inkişaf konsepsiyası sayəsində fundamental çətinliklər aradan qaldırıldı. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, parlament seçkiləri keçirildi, kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində uğurlu addımlar atıldı.

Qısa müddət ərzində Ulu Öndər dağılmaqda olan Azərbaycanı müstəqil ölkəyə çevirdi. Onun praqmatik xarici siyasəti nəticəsində Azərbaycan etibarlı strateji tərəfdaşa çevrildi. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın güclü iqtisadiyyatı üçün zəmin yaratdı.

Ümummilli Liderin bütün fəaliyyətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və ərazi bütövlüyünün təmin edilməsi idi. Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli əsas missiyalardan biri idi. Dahi liderin yürütdüyü xarici və daxili siyasət müstəqil Azərbaycanın əbədiliyinə xidmət edirdi. Tarix, mədəniyyət, ədəbiyyat və dilimizlə Azərbaycançılıq ideologiyasının mənəvi sütunlarını yaradır, xalqı bu çətir altında birləşdirirdi. Ordu quruculuğu, milli ruha sahib vətənpərvər gənc nəslin yetişdirilməsi üçün hərtərəfli işlər görüldü. Təhsilin inkişafı üçün ciddi addımlar atıldı. Hələ birinci dəfə hakimiyyətdə olduğu 70-ci illərdə təhsilin əhatə dairəsi genişləndi, gənclərin ölkə hüdudlarından kənarda təhsil almaları, kadr kimi hazırlanmarı üçün şərait yaradıldı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Bu qərar müstəqil Azərbaycanın ordu quruculuğunda ciddi faktor idi. Bu liseyin yetirmələri 49 il sonra - 2020-ci il 44 günlük Vətən Müharibəsində tarix yazdılar. Göründüyü kimi, ordu quruculuğu, milli ruha sahib vətənpərvər gənc nəslin yetişdirilməsi üçün hələ Sovet dövründən başlayaraq məqsədyönlü tədbirlər həyata keçirən Ulu Öndərin tarixi missiyasını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi və 24 saatdan az davam edən antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Prezident İlham Əliyev bununla da ata vəsiyyətini yerinə yetirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına, məcburi köçkünlərə söz vermişdi ki, torpaqlarımıza, işğal altındakı rayonlarımıza qayıdacağıq. Onun başa çatdıra bilmədiyi bu işi layiqli davamçısı cənab İlham Əliyev tamamladı. Bu gün Ulu Öndərin ruhu şaddır, çünki onun ən böyük arzusu torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması idi. Hazırda azad olunan torpaqlarda əsl sahibləri tərəfindən sürətli quruculuq və bərpa işləri həyata keçirilir.

Ulu Öndər Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətdir. Həmkarları onun haqqında həmişə yüksək fikirdə olublar, haqqında heyranlıqla, ehtiramla danışıblar. Onunla təmasda olmuş tanınmış dövlət adamları və siyasi xadimlər Ulu Öndərin böyüklüyünü etiraf ediblər. Onun haqqında ABŞ-ın sabiq Prezidenti Corc Buş “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirak “qeyri-adi şəxsiyyət” ifadələrini işlədiblər. Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin nəhəngliyini illər getdikcə daha yaxşı anlayırıq. Heydər Əliyev irsi, keçdiyi ömür yolu, onun özünəməxsus fəlsəfəsi geniş miqyasda araşdırılaraq tədqiqat əsərləri, cild-cild kitablar yazılmışdır. Ancaq bu dahi şəxsiyyətin irsi bitib-tükənməz xəzinə olaraq hər zaman ona üz tutanları təəccübləndirir və heyran qoyur. Bu dühanın nüvəsi isə sevgi, zəhmət, əzmkarlıq və sədaqətdir. Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlı üçün müəllim və böyük bir məktəbdir. Biz xalq olaraq bu gün əldə etiyimiz uğurulara görə Ümummilli Liderə borcluyuq.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı