08 may 2025 13:02
241

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib

Xalqımızın çoxəsrlik mədəniyyət tarixinin əbədiyaşarlığında və inkişafında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Yalnız mədəniyyət deyil, xalqımızın tarixi, onun dünyada tanıdılması və bu kimi ən vacib məsələlər Heydər Əliyevin fəaliyyət sferasının əsas qayəsini təşkil edir.

Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən 7 may tarixində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə təşkil olunmuş seminar ittifaqın Üzeyir Hacıbəyli adına konsert zalında baş tutub.

Seminarın əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə və MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov tədbiri açaraq qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin xalqımızın rifahı, müasir Azərbaycanın inkişafı istiqamətində əvəzsiz xidmətləri var. Onun mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğı fəaliyyətinin xüsusi bir şaxəsi olduğunu vurğulayıblar.

Professor Firəngiz Əlizadə “Heydər Əliyev və musiqi mədəniyyəti”, Xalq artisti Əbdül Mahmudov “Azərbaycan kino sənətinin inkişafında Heydər Əliyevin rolu”, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov “Heydər Əliyev obrazı təsviri incəsənətdə”, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid “Azərbaycan Mətbuat işçilərinə Heydər Əliyevin diqqət və qayğısı” mövzularında çıxış ediblər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə keçirilmiş seminarda Ulu öndərin incəsənət xadimləri ilə görüşləri, onlar haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş olunub, Heydər Əliyevin sevdiyi musiqi əsərləri Xalq artisti, Ülviyyə Hacıbəyova və Əməkdar artist İlham Nəzərov tərəfindən səsləndirilib.