Pakistan qırıcıları Hindistanın hava məkanına daxil olmayıb.
“İki sahil” xəbər verir ki, bu sözləri Pakistan ordusunun İctimaiyyətlə əlaqələr idarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri açıqlamasında bildirib.
O qeyd edib ki, Pakistan silahlı qüvvələri Hindistanın gecə saatlarında bir neçə obyektə endirdiyi zərbələrə cavab olaraq, üç “Rafale” də daxil olmaqla, Hindistanın beş qırıcısını və bir PUA-sını vurub. Əhməd Şərif Çaudri bildirib ki, Hindistan Pakistanın hava məkanında olub və bununla da minlərlə mülki şəxsin həyatını ciddi təhlükə altında qoyub.
Xatırladaq ki, Hindistanın hava hücumları nəticəsində Pakistan ərazisində 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb. Hava zərbələri bir neçə məscidin dağılmasına səbəb olub. Bahavalpurda məscidin vurulması nəticəsində həlak olan 13 nəfərdən ikisi körpə qızdır. Pakistan rəsmisi Hindistanın 5 hərbi təyyarəsinin vurulduğunu və bir komanda-qərargah məntəqəsinin məhv edildiyini bildirib.