Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə təbii qazla işləyən elektrik stansiyasının alınması ilə bağlı danışıqlar aparır.
Bu barədə “İki sahil” “report"a istinadən xəbər verir.
Bildirilib ki, SOCAR Türkiyənin “Gama Enerji A.Ş.” şirkətinə məxsus 870 meqavat gücündə Mərkəzi Anadolu Qaz İstilik Elektrik Stansiyasının alınması üçün 225-250 milyon ABŞ dolları həcmində təklif təqdim edib. Tərəflər danışıqları bu təklif əsasında davam etdirməyə razılaşıblar.
Məlumatda qeyd olunub ki, Azərbaycan Rusiyadan sonra Türkiyənin ikinci ən böyük qaz təchizatçısıdır və həmçinin Türkiyə üzərindən Avropaya qaz ixrac edir. Sözügedən elektrik stansiyasının alınması SOCAR-a Türkiyənin böyüyən elektrik bazarında mövqeyini gücləndirmək və mövcud qaz təchizatı artıqlığını gəlirə çevirmək üçün alternativ imkanlar yaradacaq.
Bildirilib ki, su elektrik və külək enerjisi stansiyalarına da sahib olan “Gama Enerji” üçün bu satış tənzimlənən tariflər səbəbindən qazla işləyən istehsal müəssisələrinin gəlirliliyinin azalması fonunda bu sahədən çıxmaq imkanı yarada bilər.
Mənbələrin bildirdiyinə görə, SOCAR hələlik məcburi hüquqi qüvvəyə malik təklif təqdim etməyib və mümkün razılaşma hər iki şirkətin idarə heyətlərinin təsdiqindən sonra qüvvəyə minə bilər.