AMEA Mərkəzi Elmi Kitabxanasında Özbəkistan universitetlərinin sərgisi keçirilib.
“İki sahil” xəbər verir ki, sərgiyə Özbəkistanın 15-ə qədər nüfuzlu universitetlərindən 40-dan çox nümayəndə qatılıb.
Rəsmi açılışda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli iki ölkə arasındakı münasibətlərin qədim tarixə söykəndiyini vurğulayıb:
"Özbəkistan Azərbaycan üçün sadəcə dost deyil, qardaş ölkədir. Elm və təhsil sahəsində əlaqələr də sürətlə genişlənir".
Milli Məclisin deputatı Müşfiq Cəfərov son illərdə Özbəkistanda 100-ə yaxın xarici universitet filialının yaradıldığını və bu ölkədə təhsilin beynəlxalq səviyyədə inkişaf etdiyini vurğulayıb. O, Özbəkistanın Azərbaycanın Qarabağ bölgəsinin dirçəlişi istiqamətindəki töhfəsini də yüksək qiymətləndirib.
Deputatlar Aydın Hüseynov və Ceyhun Məmmədov çıxışlarında bu tədbirdən sonra ölkələr arasındakı əlaqələri bütün sahələrdə daha da güclənəcəyinə diqqət çəkib.
Qeyd olunub ki, Özbəkistan Qarabağın bərpasında iştirak edir:
“Gənclərimizi Özbəkistanın, türk ölkələrinin universitetlərində təhsil almağa təşviq etməliyik. Bu cür sərgilər əlaqələrin möhkəmlənməsinə böyük töhfə verir”.
Özbəkistanın Azərbaycandakı səfirinin mədəni işlər üzrə köməkçisi Atabəy Ramazanov isə iki ölkə arasındakı siyasi, mədəni, təhsil və digər istiqamətlərdəki əlaqələrdən, onun müsbət dinamikasından danışıb.
Sərgi çərçivəsində iştirakçılar Özbəkistanın tibb, mühəndislik, informasiya texnologiyaları və digər tələb olunan ixtisaslar üzrə tədris proqramları ilə tanış olublar, universitet nümayəndələri ilə birbaşa ünsiyyət qurublar. Təhsil almaq istəyənlər üçün təqaüd və müraciət imkanları haqqında da geniş məlumat təqdim olunub.
Qeyd edək ki, sərgi İngla School Bakunun təşkilatçılığı ilə baş tutub.