Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə tərəfdaşlığı ilə təhsil, təlim və konsaltinq sahəsində xidmət göstərən özəl müəssisələr üçün məlumatlandırma görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə ATİB İdarə Heyətinin üzvü Nigar Ələsgərova, ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev, habelə ölkəmizdə fəaliyyət göstərən bir sıra özəl təhsil məktəblərinin, əlavə təhsil mərkəzi və kursların, eləcə də konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
Açılış nitqində Nigar Ələsgərova təhsil müəssisələrinin cəmiyyətin inkişafındakı roluna toxunaraq birlik tərəfindən bu sahədə fəaliyyət göstərən özəl qurumlarla dövlət və vətəndaş cəmiyyəti arasında körpü olmağa, eləcə də təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının səylərinə dəstək verməyə çalışdıqlarını bildirib.
ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, eləcə də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəaliyyətində yeni bir dövrün başladığını qeyd edərək, bu mərhələdə özəl təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi diqqət yetirildiyini bildirib.
Daha sonra ATİAHİ Respublika Komitəsinin əməkdaşı Günay Nəzirova qurumun fəaliyyət istiqamətləri və həmkarlar təşkilatlarının üzvlərinə təqdim etdiyi xidmət və imtiyazlar barədə təqdimat edib.
Tədbir iştirakçılarla tanışlıq və onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi ilə davam edib.