Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfransın əsas məqsədi oftalmologiya sahəsində ən son yeniliklərin, aktual məsələlərin və müasir diaqnostika ilə müalicə metodlarının təhlilini aparmaq, eləcə də sahənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək, tibb sahəsindəki müasir çağırışlara cavab verən yanaşmaların təqdim olunması olub.
Konfransı Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açıq elan edib.
Konfransda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən gəlmiş oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış edib, fikir mübadiləsi aparıblar. Konfransda, həmçinin Rusiya, Türkiyə, İtaliya, Gürcüstan və digər ölkələrdən tanınmış mütəxəssislər iştirak edərək təqdimatlarla təcrübələrini bölüşüblər.
Tədbirdə Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin Fəxri Prezidenti Sunay Duman “Akademik Zərifə Əliyevanın işığında oftalmologiyanın gələcəyi” mövzusunda çıxış edərək, onun elmi irsinin beynəlxalq oftalmologiyaya təsirindən danışıb. Daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Hicran Namazova “Akademik Zərifə Əliyevanın zəngin elmi irsi və müasir oftalmologiyanın inkişafı” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan, Azərbaycan Tibb Universitetinin Göz Xəstəlikləri kafedrasından, eləcə də müxtəlif dövlət və özəl tibb müəssisələrindən və regionlardan professorlar və gənc oftalmoloqlar iştirak ediblər.
Azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Rusiya, İtaliya və Gürcüstandan gəlmiş qonaqlar da konfransda elmi məruzələrlə çıxış ediblər.
Tədbirdə prof. Hüban Atilla, t.ü.f.d. Cəmil Həsənov, prof. Süleyman Kaynak, t.ü.f.d. Giuseppe Covello, t.ü.f.d. Mirana Mirişova, prof. Giorgi Chichua, t.ü.f.d. Səbinə Məcidova, prof. Nilufer Yalçındağ, t.ü.f.d. Lalə Axundova, dr. Rahib İsmayılov, t.ü.f.d. Samirə Hüseynli, dr. Emin Əlihüseynli, t.e.d. Radik Kadırov, t.ü.f.d. Günay İbrahimzadə, t.e.n. Dilara Babayeva, dos. Gültən Süngür, t.e.n. Aysılu Qalimova, t.ü.f.d. Bənövşə Hacıyeva, t.ü.f.d. Nigar Həsənova, t.ü.f.d. Sona İbrahimova, dr. Lamiyə Həsənzadə, dr. Humay Bayramova, dr. Rəvanə Həsənova, dr. Günay Əliyeva və dr. Rövşən Rəcəbli tərəfindən elmi məruzələr təqdim olunub.