Müsahibimiz “Azərbaycan fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimovdur. Nuhəli Kərimov antimilli siyasi fəaliyyəti ilə gündəmdə olan AXCP sədri Əli Kərimlinin əmisi oğludur. Buna baxmayaraq, Nuhəli müəllim Əli Kərimlinin antimilli siyasətinə qarşı mübarizə aparanların öndə gedənlərindəndir.
- Nuhəli müəllim, artıq bütün ictimaiyyətə məlumdur ki, Əli Kərimli bəzi xarici təşkilatlardan qrant şəkilində aldığı çirkli pullar hesabına antimilli fəaliyyətini davam etdirir. Bu fəaliyyətin pərdəarxası məqamları sizə məlumdurmu?
- Bilirsiniz ki, AXC-Müsavat cütlüyü hakimiyyətdə olanda respublikada problemlər sürətlə çoxaldı, ölkə iqatisadiyyatı çətinliklərlə üz-üzə qaldı, siyasi sabitliyin olmaması vətəndaş müharibəsi təhlükəsini daha da şiddətləndirdi. Məhz həmin AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətinin nəticəsi idi ki, Azərbaycan dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqı antimilli “siyasətçi”ləri yaxşı tanıyır. Əli Kərimli və havadarları yaxşı bilirlər ki, hazırkı fəaliyyətləri ilə xalqdan heç bir dəstək ala bilməyəcəklər. Məcbur olurlar ki, xarici ölkələrə, ermənipərəst qüvvələrə müraciət etsinlər, onlardan maliyyə yardımı alsınlar. Təbii ki, bu gün ölkəmizin sürətli inkişafını, dünyanın bir çox ölkələrində olmayan ictimai-siyasi sabitliyin mövcudluğunu gözü götürməyən qüvvələr çoxdur. Təbii ki, onlara da elə Əli Kərimli kimi yaltaq, öz xalqını pula, vara-dövlətə satmağa hər an hazır olan antimilli ünsürlər lazımdır. Çünki onların “Vətən xaini” adı almaq qorxusu yoxdur. Əli Kərimli belə ucuz oyunlara getməklə özünü daha da gözdən salır.
- Sizcə, nə üçün AXCP sədrinin antimilli fəaliyyətini dəstəkləyənlər bu yolun onları hara aparacağını bilmirlər?
- Bilirsiniz, onlar sadəcə olaraq bu gün Azərbaycanın malik olduğu uğurları həzm edə bilmirlər. Hazırda bizim ən böyük xoşbəxtliyimiz ölkəmizdə ictimai-siyasi sabitliyin olmasıdır. Bu gün dünyada olduqca gərgin siyasi proseslər gedir. Məsələn, Yaxın Şərqdə baş verənlər hər kəsin gözləri qarşısındadır. Dünyaın əksər ölkələrində aclığın və səfalətin baş alıb getdiyi, korrupsiyanın və rüşvətin meydan suladığı bir dövrdə Azərbaycanda hər şey o qədər yerində nizamlanıb ki, heç kəsin bu nizama ləkə salmağa haqqı yoxdur. Biz bu sabitliyi qoruyub saxlamalıyıq. Amma Əli Kərimli və onun havadarları bunu başa düşmək istəmirlər. Onlar barışmaq istəmirlər ki, Azərbaycanda xalqla-iqtidar arasında güclü, sarsılmaz birlik var.
- Əli Kərimlinin ermənipərəst qüvvələrlə də əməkdaşlıq etdiyi artıq sübut olunub...
- Ümumiyyətlə, Əli Kərimlinin apardığı antimilli siyasəti Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti kimi qiymətləndirirəm. İstəyirəm ki, Əli Kərimli və onun havadarları Azərbaycan xalqının xoşbəxtliyinə təhlükə yarada biləcək məkrli siyasətlərindən əl çəksinlər. Hər bir kəs etiraf etməyi bacarmalıdır. Açıqlığı ilə etiraf edirəm ki, Əli Kərimlidən siyasi xadim, dövlət xadimi olmayıb və olmayacaq. O, həmişə məğlubiyyətə düçar olan bir şəxs olub. Azərbaycan xalqı onun bu Vətən üçün nə qədər yararsız olduğunu görür və bilir. Ona görə də onun çağırışına, müraciətinə əhəmiyyət verən yoxdur. Bu insan, öz şəxsi mənafeyi naminə erməniyə “dayı” deməyə hazırdır. Yetər ki, məqsədlərini həyata keçirə bilsin. Bu antimilli ünsür qrant şəklində aldığı çirkli pullar hesabına şəxsi maraqlarını reallaşdırır, müxtəlif insanların adına obyektlər əldə edir. Yüksək məbləğdə qrantları mənimsəmək üçün isə bacardığı qədər ermənipərəst qüvvələrlə əlaqə yaradır.
- Əli Kərimli iddia edir ki, ölkədə xeyli sayda “siyasi məhbus”lar var. O, bu “siyahı”ya konkret cinayət əməllərinə görə həbs olunmuş özünün müavini Gözəl Bayramlını da daxil edir. Bu barədə nə deyə bilərsiniz?
- Əli Kərimli konkret cinayət əməllərinə görə həbs olunmuş istər jurnalistlər, istərsə müavini Gözəl Bayramlının həbsini ictimailəşdirərək bəyan edir ki, guya bu həbslər qanunsuzdur və Azərbaycanda insan hüquq və azadlıqları pozulub. Amma o, unudur ki, qanun hamı üçün qanundur. Dövlət varsa, onun konstitusiyası, qanunun aliliyi prinsipi də var. Əli Kərimlinin müavini Gözəl Bayramlı erməninpərəst qüvvələrdən vəsait toplayıb Azərbaycana keçirərkən həbs olunub. Hər kəsə yaxşı məlumdur ki, çirkli pulların ölkəyə gətirilməsi ən böyük cinayətdir. Bilirsiniz, hər bir azərbaycanlı gedib bu işi görə bilər. Yüksək məbləğdə pul üçün ermənipərəst, antimilli qruplaşma ilə əlbir ola bilər. Amma əvəzində “Xalq düşməni”, “Vətən xaini” kimi bir adı üzərinə götürəcək. Normal, ağlı başında olan Azərbaycan vətəndaşı bu adı üzərinə götürmək istəməz. Amma nə Əli Kərimli, nə də Gözəl Bayramlı bundan çəkinmirlər. Onlar deyirlər ki, nə olursa olsun məqsədim həyata keçsin. Belə düşünən insandan hansı xeyir əməl gözləmək olar?! Bu gün Əli Kərimli, Gözəl Bayramlı, Mehman Əliyev kimilərin fəaliyyəti xalq tərəfindən araşdırılır. Azərbaycan xalqı yaxşı bilir ki, adı çəkilən şəxslər cinayət əməli törədiblər. Əli Kərimli isə bütün cinayətlərin başında duran şəxsdir.
- Nəslinizin digər nümayəndələrinin Əli Kərimlinin antimilli fəaliyyətinə münasibətləri necədir?
- Hər birimiz narahat oluruq. Mən də başda olmaqla onun evinin qarşısında piket keçirdik. Mən orada da hər kəsin gözü qarşısında bəyan etdim ki, Azərbaycanda olan bu siyasəti, inkişafı görmək lazımdır. Əli Kərimli, sən bu siyasətdən uzaq olan adamsan, gəl düş qabağımıza aparaq səni yaşadığın kəndə qoyaq. Kərimovlar nəslinin ağsaqqalı olaraq əminliklə deyirəm ki, vaxt gələcək, Azərbaycan xalqı onu cəzalandıracaq. Azərbaycan xalqından əvvəl mən özüm, nəslimizin nümayəndələri onu cəzalandırmaq istəyirlər. Mən, həqiqətən də, onun törətdiyi bu əməllərə görə narahatam. Əli Kərimlinin siyasi arenadan getməyi məsləhətdir. Mən bunun üçün əlimdən gələni edəcəyəm.
Şəfiqə Dadaşova, “İki sahil”