Məktəblilər Dövlət Bayrağı Muzeyində olublar
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması münasibətilə Xətai rayonundakı 17 nömrəli məktəbin 2-ci sinif şagirdləri Dövrət Bayrağı Muzeyini ziyarət ediblər.
Məktəblilərə məlumat verilib ki, Dövlət Bayrağı Muzeyi Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən 2010-cu il noyabrın 9-da açılıb. 2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb. Təmir-bərpa işlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşları eksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində işlər görüb, eksponat sayını 431-ə çatdırıblar.
44 günlük Vətən müharibəsinə həsr olunan Zəfər qalereyası adlı ekspozisiya şagirdlərin böyük marağına səbəb olub. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.
Qeyd olunub ki, muzey altı sərgi salonundan ibarətdir.
A Sərgi salonunda məktəblilər ölkəmizin qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar və XIX əsr Azərbaycan şəhərlərinin gerbləri ilə tanış olublar.
B Sərgi salonu isə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 1918-ci il dekabrın 7-də asılan Dövlət Bayrağı, həmin dövrə aid fotoşəkillər, pul əsginasları, poçt markaları, eləcə də keçmiş Azərbaycan SSR-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunan konstitusiyaları, pul əsginasları və poçt markaları təqdim edilir.
C Sərgi salonu da maraqlı məlumatlarla zəngindir. Burada sərgilənən eksponatlar müstəqillik dövrünü əhatə edir. Bu salonda Ümummilli Lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Prezidentinin ştandartı, dövlətimizin orden və medalları, Azərbaycan Konstitusiyası, eləcə də Vətən müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrinə sancılmış Dövlət Bayrağı nümayiş etdirilir. Salonda Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında 2007-ci il 17 noyabr tarixli və Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında 2009-cu il 17 noyabr tarixli sərəncamlar və s. sərgilənir.
Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları, hərbi qulluqçuların mərasim geyim formaları isə muzeyin D, E və F salonlarında nümayiş olunur.
Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlərə, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilən videolar da böyük maraqla izlənilib.
Şagirdlər muzeydən zəngin təəssüratlarla ayrıldılar.
Sinif rəhbəri Lalə Hacıyeva - Əmirbəyova vurğulayıb ki, bu cür tədbirlərin təşkili məktəblilərin yüksək milli-mənəvi dəyərlərlə böyüməsində, dövlət rəmzlərimizə sevgi və ehtiramın aşılanmasında, həmçinin onların vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.